F-1.az xəbər verir ki, ona görə də təşkiatçılar bugünkü ən uzun mərhələni düz ortasına qədər qısaldıblar – yerdə qalan yolu iştirakçılar sadəcə adi asfalt yolla paytaxta çatıblar. Sabah paytaxtdan geriyə – şimala qayıdacaqlar və 8-ci mərhələ üçün əl-Duvadimidə 7-c mərhələ üçün nəzərdə tutulan ilməni vurub ər-Riyada qayıdacaqlar. Sonrakı bir gün isə rəsmi istirahət günüdür.
Kvadrosikletçilərin yarışı bu gün sakit keçib. Bütün məsafədə Manuel Anduxar liderlik edib, marafonun lideri Aleksandr Jiru isə ona çatmağa çalışıb. Yekunda finiş xəttində sürücüləri 4 dəqiqə ayırıb. Podiumu isə Fransisko Moreno Flores tamamlayıb.
Ümumi sıralamada Jiru liderliyini möhkəmlədib və Flores üzərində üstünlüyünü 43 dəqiqəyə çatdırıb. Pablo Kopetti 1 saatn 23 dəqiqə liderə uduzur və Anduxarı 10 dəqiqə qabaqlayır.
Motosikletçilərin yarışında bütün məsafədə marafonun lideri Skayler Haus öndə idi, amma məsafənin sonunda üstünlüyünü əldən verdi. Yekunda Luçiano Benavides amerikalı sürücünü 56 saniyə qabaqlayıb.
Podiumun son pilləsi uğrunda mübarizə də finişədək davam edib və 7 sürücünün arasında Tobi Prays 9 saniyə üstünlüklə irəli çıxıb.
Ümumi sıralamada Skayler Tobi üzərində üstünlüyünü artırıb. Bugünkü qalib Luçianonun böyük qardaşı Kevin isə üçüncüdür…
Maşınların yarışı isə bu gün Audi üçün fəlakətə çevrilib.
İlk metrlərdən marafonun əfsanəsi, 14 qat qalibi Stefan Peteransel liderliyi ələ alıb. Marafonun lideri Nasser əl-Əttiyah onu sıx təqib edib. Sebastyen Löb və Karlos Sayns da liderlərdən geri qalmamağa çalışıblar. Yerli sürücü Yezid əl-Raci isə ilk beşliyi tamamlayıb.
Yarışın düz ortasında Stefan Nasserdən bir dəqiqə uzaqlaşıb, Löb də Saynsla fərqi bir dəqiqəyə çatdırıb, Yezid isə Saynsa çatıb. Yəni 5 sürücü cəmi 3 dəqiqənin içində olub.
Əvvəlcə Audi sürücülər qəza yaşayıblar – öndə olan Stefan görmədiyi çalaya sərt düşdüyü üçün maşın ağır zərbə alıb. Maşının ciddi zərər görməsi ilə yanaşı fransalı əfsanənin şturmanı da belindən zədə alıb və helikopterlə hospitala çatdırılıb. Bununla da Stefan marafonla vidalaşmalı olub.
Dərd ondadır ki, Stefanın düz arxasında olan Sayns təmasdan qaçmaq üçün sərt manevr etməli olub. Deyilənlərə görə, Karlos həm komanda yoldaşına çırpılıb, həm də maşının sol arxa tərəfini ciddi zədələyib.
Bu hadisədən bir neçə dəqiqə sonra Yezdin maşınında da arxa təkərin topu dağılıb və sürücü təmirə düz 5 saat vaxt sərf edib. Amma səudiyyəli sürücü finişə çatsa da, Sayns hələ yerindən tərpənməyib və çox güman ki, Audi-nin daha bir ekipajı üçün mübarizə başa çatıb.
Bundan sonra Nasser sadəcə öz maşınını finişə çatdırmağa çalışıb və finişdə Sebastyen Löbü 3.5 dəqiqə qabaqlayıb. Nasserin komanda yoldaşı Henk Lateqan 9 dəqiqə gedirdən podiumu tamamlayıb.
Ümumi sıralamada isə maraqlı durum alınıb. İlk dörd yerə TOYOTA sürücüləri yiyələniblər. Nasser komfort liderlik edir – Lateqan komanda yoldaşına 1 saat 7 dəqiqə uduzur. Marafonun debütantı braziliyalı Lukas Morayes daha 6 dəqiqə geridədir. 2009-cu ilin çempionu Jinyel de Vilyers daha yarım saat uduzur.
və yalnız 5-ci yerdə Audi-nin qalan sürücüsü Mattias Ekström gəlir – isveçli sürücü Jinyelə 3 dəqiqə uduzur. Löb də Ekströmə 10 dəqiqə uduzur. Yəqin ki, marafonun qalan hissəsində Mattias və Seb podiuma düşmək uğrunda mübarizə aparacaqlar…
Yüngül baqqilərin yarışında isə belçikalı Giyom de Mevyus ilk qələbəsini qazanıb – qələbə çox dəyərli alınıb, çünki podiumu onunla elə marafonda təqib edən sürücülər bölüşüblər. Keçənilki çempion Ostin Cons liderə 1:39, keçənilki vitse-çempion Set Kintero isə 2:26 uduzublar.
Ümumi sıralamada Mevyusun Cons üzərində üstünlüyü 9 dəqiqəyə çatıb. Kintero isə 1 saatdan çox uduzur…
Ağır baqqilərin yarışında isə Roçallar rəqiblərinə şans verməyiblər. Finişdə Marek balaca qardaşı Mixali 2 dəqiqədən çox qabaqlayıb. İspaniyalı Jerar Farres Guell podiumu tamamlayıb.
Ümumi sıralamada isə bu gün 5-ci olmuş Rodriqu Luppi de Oliveyranın liderliyi davam edir. Braziliyalı sürücü bu gün 4-cü olmuş Rokas Batsyuşkanı 20 dəqiqə qabaqlayır.
Marek bugünkü qələbə sayəsində artıq 3-cüdür və Luppiyə 22 dəqiqədən çox uduzur. Marekin oğlu Erik bu gün 7-ci olub və turnir cədvəlində 4-cü yerə geriləyib. Erik atasına düz bir dəqiqə uduzur…
Yük maşınlarının yarışı isə niderlandlı Mitçell van den Brinkin qələbəsi ilə başa çatıb. İveco-nun gənc sürücüsü finişədək həmyerlisi Yanus van Kasterenlə mübarizə aparıb və finişdə cəmi 35 saniyə qabaqlaya bilib.
Podiumu isə çexiyalı Martin Matsik tamamlayıb.
Marafonun lideri Aleş Loprays bu gün ancaq 7-ci ola bilib və günün sonunda liderliyini qoruya bilib, amma üstünlüyü minimuma düşüb. Bugünkü qalibin atası Martin Aleşə cəmi 23 saniyə uduzur. Sözün düzü, əgər bu gün finişdən sonra Martin 1 dəqiqəlik cərimə almasaydı indi 37 saniyə üstünlüklə liderlik edərdi. Yanus da fərqi ciddi qapadıb və indi liderə 26 dəqiqə uduzur.