Dakar-2023: Nasser əl-Əttiyah liderliyə yüksəlib

Bu gün marafon iştirakçıları səhər tezdən əl-Uladan çıxaraq yarımadanın mərkəzinə doğru irəliləyiblər.

F-1.az xəbər verir ki, ümumi marşrutun uzunluğu 590 km, xüsusi sahənin uzunluğu isə 477 km olmalı idi.

Amma marşrutun yarısından sonra korlanan hava şəraiti sona doğru güclü yağışa çevrilib və bir çox kateqoriyalarda finiş 100 km əvvələ çəkilib.

Lakin motosikletçilər və kvadrisikletçilər daha erkən yola çıxdıqları üçün onların böyük əksəriyyəti tam məsafəni də qət edə biliblər. Sadəcə finişə çatmayanlar barədə təşkilatçılar xəbər hazırlanan ana qədər hələ qərar qəbul etməyiblər.

Buna baxmayaraq, artıq dəqiqdir ki, fransalı Aleksandr Jiru ardıcıl 4-cü qələbəsini qazanıb və ümumi sıralamada üstünlüyünü möhkəmlədib. Onu Manuel Anduxar və Pablo Kopetti təqib edirlər…

Motosikletçilərin yarışında Daniel Sanders finişdə birinci olub – iki gün əvvəl avstraliyalı sürücü finişdən sonra cərimə aldığı üçün qələbədən məhrum olmuşdu, amma bu dəfə, deyəsən, cərimə olmayacaq.

Əvəzində finişdə 2-ci olmuş Kevin Benavides 2 dəqiqəlik cərimə alaraq 4-cü yerə geriləyib. Ona görə də podiuma Skayler Haus və Meyson Kleyn qalxıblar.

Motosikletçilərin yarışında hər mərhələdən sonra lider dəyişir. Ənənə bu dəfə də pozulmayıb və Sanders ümumi sıralamada liderliyi ələ keçirib. Meyson liderə 4 dəqiqə, Kevin isə daha 3 dəqiqə uduzur.

Maşınların yarışında isə lider, demək olar ki, tez-tez dəyişib. Liderlərin hamısı müəyyən problemlərlə üzləşiblər.

Adətən, motosikletçilərdən 1 saat sonra start alsalar da, finişə bərabər çatan maşın sürücüləri bu dəfə o qədər ləngiyiblər ki, finişə 100 km qalmış mübarizəni hava şəraiti üzündən dayandırmalı olublar.

Nasser əl-Əttiyah naviqasiya problemləri yaşayıb, Karlos Sayns arxa sol təkərin asılqanını dağıdıb, Sebastyen Löbün maşınında elektrik motoru düzgün çalışmayıb.

Yarış dayandırılan anda 377-ci km-ə cəmi 20 sürücü çatmışdı. Onların arasında isə ən yaxı nəticəni ümumi sıralamada 33-cü olan Gerlen Şişeri göstərib. Fransalı sürücü Dakarda ilk qələbəsini qazanıb. Prodrive-ın sükanı arxasında Şişeri finişdə 3 dəqiqə Henk Lateqanı və 5 dəqiqə Orlando Terranovanı qabaqlayıb.

Ancaq bir az əvvəl sütardlar Lateqanı cərimələyiblər, ona görə də poiumun son pilləsinə əfsanəvi Stefan Peteransel qalxıb.

Nasser əl Əttiyah liderə 21 dəqiqə uduzsa da, ümumi sıralamada liderliyi ələ keçirib. Qətərli sürücü səudiyyəli Yezid əl Racini 13 dəqiqə qabaqlayır. Peteransel siə liderə 21 dəqiqə uduzur.

Karlos Sayns bütün problemlərdən sonra ümumi sıralamada 8-ci yerə düşüb və hazırda Nasserə 33 dəqiqədən çox uduzur…

Yüngül baqqilərin yarışında isə Ostin Cons ikiillik fasilədən sonra ilk qələbəsini qazanıb. Maraqlıdır ki, iki il əvvəl Cons iki mərhələdə qələbə qazansa da, yekunda vitse-çempionluğa sevinmişdi. Keçən il isə heç kimə qələbə qazanmağa imkan verməyən Set Kinteronun sayəsində qələbə qazanmadan çempionluğu bayram etmişdi.

Finişdə Ostinə cəmi 44 saniyə uduzan Set hələ qələbə üzünə həsrətdir – amma bu ikincilik sayəsində amerikalı ümumi hesabda liderliyə yüksəlib. Amma onun belçikalı Giyom de Mevyus üzərində üstünlüyü düz 1 dəqiqədir.

Ağır baqqilərin yarışında isə Marek Qoçal ardıcıl ikinci qələbəsini bayram edib. Polşalı sürücü yarış vaxtından əvvəl dayandırılmamış braziliyalı Kristianu Batistanı qabaqlayıb – finişdə sürücüləri cəmi 20 saniyə ayırıb.

Podiumu ilk iki mərhələnin qalibi litvalı Rokaş Batsyuşka tamamlayıb.

Bu qələbədən sonra Marek ümumi sıralamada liderliyi möhkəmlədib – polşalı veteran braziliyalı Rodriqu Luppi de Oliveyranı 12 dəqiqə qabaqlayır.

Üçüncü yerə isə Marekin 18 yaşlı oğlu Erik Qoçal qalxıb, amma Erik atasına artıq 33 dəqiqə uduzur.

Yük maşınlarının yarışında isə Martin Matsik artıq 3-cü qələbəsini qazanıb. Çexiyalı sürücü İveco-nun sükanı arxasında bu dəfə Yaroslav Valtrdan 4 dəqiqə sürətli olub. Mitçel van den Brink isə Yaroslava cəmi 1 saniyə uduzub.

Ümumi sıralamada bu gün 4-cü olan Aleş Lopraysın liderliyi davam edir. Aleş Yaroslavı 9 dəqiqədən çox qabaqlayır.

5-ci yerdə olan Matsik isə liderə 1 saatdan çox uduzur…

Sabah marafon iştirakçıları Hail ətrafında 573 km-lik dövrə vuracaqlar – bu məsafənin 475 km-də xronometraj çalışacaq…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*