Dakar-2023: Löb marafonun rekordunu yeniləyib

Beləliklə, gəlib çıxdıq 45-ci Dakarın sonuna - adətən son mərhələ formal xarakter daşıyır, amma bəzi kateqoriyalarda sabah da mübarizə davam edəcək.

F-1.az xəbər verir ki, sabah marafonun iştirakçıları əl-Hofufdan Dammama üz tutacaq. Finişdən sürücüləri 136 km-lik sürətli zona ayırır…

Bu gün isə Şeybədən Hofufa çatıblar – şəhərlər arasında məsafə 521 km olsa da, sürücülər yalnız 154 km-lik hissədə mübarizə aparıblar.

Kvadrosikletçilərin mübarizəsində braziliyalı Marselu Medeyroş növbəti qələbəsini rəsmiləşdirib – Covanni Enriko liderə 2, Fransisko Moreno Flores isə 3 dəqiqə uduzublar.

Sabah fransalı Aleksandr Jiru ardıcıl 2-ci titulunu qazanmağa çox yaxındır. Jiru əsas rəqibi Floresi 40 dəqiqədən çox qabaqlayır. Əfsanəvi Pablo Kopetti isə fransalı sürücüyə 2 saatdan çox uduzur.

Motosikletçilərin yarışında isə mübarizə yəqin ki, sabah son km-ə qədər davam edəcək. Elə bu gün də yarışın yekun protokolu finişdən bir neçə saat sonra formalaşıb.

Əvvəlcə Husqvarna-dan Lusiano Benavides finiş xəttində hamıdan sürətli olub. Daha sonra argentinalı sürücü +1 dəqiqəlik cərimə aldığı üçün komanda yoldaşı Maykl Doçertinin 30 saniyə arxasına düşüb.

Daha sonra məlum olub ki, Lusianonun böyük qardaşı Kevin Benavides yolda yıxılmış və xəsarət almış Mattias Volknerə ilk yardım göstərməyə, daha sonra onu helikopterə mindirməyə 20 dəqiqədən çox vaxt itirib. Finişdən sonra bu itirilən vaxt Kevinin yekun nəticəsindən çıxdıqda, onun mərhələdə qalib gəldiyi üzə çıxıb – yekun protokollarda Kevin Mayklı 27 saniyə, qardaşı Lusianonu isə 57 saniyə üstələyib.

Kevin üçün bu qələbə çox vacib olub, çünki ümumi sıralamda ikinci yerə yüksəlib və sabah son mərhələ ərəfəsində komanda yoldaşı Tobi Praysa cəmi 12 saniyə uduzur. Red Bull KTM komandasının sürücülərini dəqiqəyarım fərqlə Husqvarna-dan Skayler Haus təqib edir.

Sabah Dakarın qalibi bu üçlükdən biri olacaq…

Maşınların yarışında isə Sebastyen Löb qələbələri ardıcıl sıralamağa davam edir və bu gün qazandığı ardıcıl 6-cı qələbəsi ilə fransalı sürücü adını tarixə yazdırıb.

Hələ uzaq 1989-cu ilə Peugeot komandası ilə əfsanəvi Ari Vatanen ardıcıl 5 qələbə qazanmışdı. Düz 34 ildən sonra Löb bu rekordu yeniləyib.

Builki marafonda Löbün qazandığı 7-ci qələbə isə digər rekordun təkrarıdır – 2011-ci ildə Karlos Sayns da Volkswagen-lə 7 qələbə qazanmışdı. Maraqlıdır ki, həmin mövsümdə Sayns 3-cü olmuşdu, qələbəyə isə Nasser əl-Əttiyah sevinmişdi )

Bu gün isə Nasser yenə də heç hara tələsməyib və bunü baxmayaraq mərhələni ikinci yerdə başa vurub. Qətərli sürücü liderə 5 dəqiqədən çox uduzub və Audi-dən Mattias Ekströmü 1 dəqiqə qabaqlayıb.

Sebastyen ümumi sıralamada 2-ci eyrdə möhkəmlənib, Nasserlə 1 saatdan çox olan fərqi sabah qısa mərhələdə bağlamaq çox çətin olacaq. Amma ən azı mövsümdə ən çox qələbə rekordu uğrunda mübarizə aparmağa dəyər…

Yüngül baqqilərin yarışında bu gün Mitçell Qatri marafonda 5-ci qələbəsinə sevinib. Amerikalı sürücü finişdə əfsanəvi İqnasio Kasaleni 50 saniyə qabaqlayıb – çilili sürücü kvadrosikletlə 3 titul qazandıqdan sonra, deyəsən, T3 kateqoriyasına keçdiyi 3-cü mövsümü də titulsuz başa vuracaq. Bu gün podiumu tamamlayan Set Kintero finişdə Kasaleyə 7 saniyə uduzub.

Kintero ümumi sıralamada Ostin Consla fərqi 55 dəqiqənin altına salıb, amma çox güman ki, sabah qeyri-adi problemlər yaşamasa, Ostin Dakarda ardıcıl 2-ci titulunu rəsmiləşdirəcək…

Ağır modifikasiya olunmuş baqqilərin yarışında marafonun debütantı Erik Qoçal vacib qələbə qazanıb – polşalı sürücü finişdə builki əsas rəqibi Rokas Batsyuşkanı 4 dəqiqdən çox qabaqlayıb.

İndi ümumi sıralamada Rokasla Erik arasında fərq 3 dəqiqədən artıqdır. Sabah Erik son mərhələyə 1-ci başlayacaq, Rokas sadəcə onun tempində finişə çata bilsə, 23 yaşlı litvalı sürücü qatıldığı 2-ci Dakarda titul qazanacaq. Əks halda, Erik debüt ilində titul qazana bilər.

Ümumi sıralamada 3-cü yerdə Erik atası Marek qərarlaşıb – ata oğluna 20 dəqiqə uduzur…

Yük maşınlarının yarışında isə qələbəyə əsas namizədlərdən biri Martin van den Brink bu gün mexaniki problemlərlə üzləşib və 2 saata yaxın vaxt itirməli olub. Yekunda Martin həmyerlisi Yanus van Kasterenin sabah işini asanlaşdırıb.

Bugünkü mərhələdə çexiyalı Martin Matsik fərqlənib – İveco-nun sürücüsü marafonun lideri Yanus cəmi 3 dəqiqə üstələyib.

Bu qələbə və niderlandlı adaşının problemləri sayəsində Matsik ümumi sıralamada 2-ci yerə yüksəlib, amma Yanusun sabahkı son mərhələ ərəfəsində 1 saatdan çox üstünlüyü var.

Dəfələrlə KamAZ Master komandasının etdiyini sabah İveco sürücüləri təkrarlaya bilərlər – marafonda ilk 4 yer onlarındır…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*