Dakar-2023: Löb ikinci həftəyə qələbə ilə başlayıb

45-ci Dakarın iştirakçıları Ər-Riyadda birgünlük istirahətdən sonra çərşənbə axşamı mübarizəni davam etdiriblər.

F-1.az xəbər verir ki, peleton Səudiyyə Ərəbistanının paytaxtından Harad şəhərinə yollanıb. Marşrutun ümumi uzunluğu 686 km olsa da, xüsusi sahəyə 358 km ayrılıb.

Motosikletçilər marşruta təzə yollanıblar ki, ilk qəza barədə məlumat alınıb. Honda-dan Xuan Barreda Bort 17-ci km-də qəzaya uğrayıb. İspaniyalı sürücü bel ağrılarından şikayətləndiyi üçün helikopterlə paytaxta qaytarılıb.

Qələbəyə isə bu gün Husqvarna-dan Lusiano Benavides sevinib – argentinalı sürücü finişdə Tobi Praysı bir dəqiqə qabaqlayıb. Marafonun lideri Skayler Haus isə komanda yoldaşı Lusianoya 3 dəqiqə uduzub.

Beləliklə, KTM sürücüsü Prays Hausla fərqi minimuma endirib – indi liderləri cəmi 3 saniyə ayırır. Lusianonun qardaşı Kevin isə liderləri 5 dəqiqə geridən təqib edir.

Maşınların da yarışı qəza xəbəri ilə başlayıb – startdan cəmi 5 km sonra Karlos Sayns qəzaya uğrayıb. İspaniyalı sürücü dyunlardan birinə sərt hücum edib, Audi yerdən üzülüb, yerə burnu ilə düşüb və maşın damı üstünə aşıb.

Bundan sonra sağ böyründəki ağrılar üzündən helikopter çağıran Karlos paytaxta yollanıb, amma hospitala çatmamış fikrini dəyişib və geriyə – maşının qaldığı yerə qayıdıb. Amma hələ də mərhələnin yekun protokolalrında adı yoxdur – finişə yetişməyib…

Mərhələdə isə ardıcıl ikinci qələbəsini Sebastyen Löb bayram edib. Prodrive sürücüsü çox vacib qələbə qazanıb, çünki onun əsas rəqibi Henk Lateqan problemlər yaşayıb. Cənubiafrikalı sürücünün Toyota-sında arxa asılqan dağılıb – bu zaman arxadan gələn Yezid ər-Raci dayanaraq öz maşınından asılqanı sökərək komanda yoldaşına verib. Lateqan marşrutda 45 dəqiqə vaxt itirib.

Bugünkü finiş Prodrive üçün çox əlamətdar olub – Löbə bir dəqiqə uduzaraq ikinci olan Vaydotas Zola və 3-cü olan Girlen Şişeri də eyni texnikada çıxış edirlər.

Bu qələbə sayəsində ümumi sıralamada Löb artıq 3-cü yerə yüksəlib – fransalı ralli əfsanəsi Lateqanın uğursuzluğundan yararlanıb. Lateqan ikinci yerə komanda yoldaşı debütant Lukas Morayesi buraxıb. Braziliyalı sürücü Löbü 20 dəqiqədən çox qabaqlayır, eyni zamanda marafonun lideri Nasser əl-Əttiyaha isə 1 saat 22 dəqiqə uduzur.

Qətərli çempion Löbə bu gün 9 dəqiqə uduzub – yəni hər gün bu qədər fərqi azaltmaq Löbün qələbəsi üçün yetərli deyil…

Kvadrosikletçilərin mübarizəsində bu gün Laysvidas Kançius fərqlənib – litvalı sürücü finişdə aregntinalı Fransisko Moreno Floresi 4 dəqiqə, braziliyalı Marselu Medeyrosu isə 5 dəqiqə qabaqlayıb.

Bu podiumdan sonra Flores bu gün zəif çıxış etmiş həmyerlisi Manuel Anduxarı ümumi sıralamada qabaqlayıb. Amma ümumi sıralamanın lideri Aleksandr Jiru onları bir saatdan çox qabaqlayır…

Yüngül baqqilərin bugünkü mübarizəsi argentinalı Devid Zillenin qələbəsi ilə yekunlaşıb – marafonun lideri Giyom de Mevyus finişdə cəmi 2 saniyə uduzub. Mitçell Qatri isə daha 10 saniyə geri qalmaqla sıx podiumu tamamlayıb.

Giyom bu podiumdan sonra marafonda liderliyini daha da möhkəmlədib. indi onun keçənilki çempion Ostin Cons üzərində üstünlüyü 13 dəqiqəyə çatıb, Set Kintero isə daha bir saat geri qalır…

Ağır baqqilərin yarışında isə marafonun debütantı Erik Qoçal növbəti qələbəsini rəsmiləşdirib. Polşalı sürücü finiş xəttində marafonun lideri Rokas Batsyuşkanı 46 saniyə qabaqlayıb. Erikin əmisi Mixal 10 saniyə geridən podiumu tamamlayıb.

Ümumi sıralamada Erik Rokasla fərqi 5 dəqiqəyə salıb. Erikin atası bu gün zəif çıxış etdiyi üçün podiumun son pilləsinə ispaniyalı Jerar Farres Guell qalxıb.

Yük maşınlarının yarışında niderlandlı Yanus van Kasteren növbəti qələbəsini qazanıb. Finişdə İveco-nun sürücüsü həmyerlisi Paskal de Baarı 3 dəqiqə, çexiyalı Yaroslav Valtrı isə 4 dəqiqədən çox qabaqlayıb.

Ümumi sıralamada Aleş Lopraysın liderliyi davam edir. Çexiyalı sürücü Yanusu 27 dəqiqə qabaqlayır – bugünkü qələbə sayəsində niderlandlı sürücü həmyerlisi Martin van den Brinki 20 dəqiqə qabaqlayır…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*