Dakar-2023: Karlos Sayns rallidə liderliyi ələ alıb

Bu gün - yeni ilin ilk günündə əfsanəvi Dakar marafonunda proloqdan sonra birinci tam mərhələ baş tutub.

F-1.az xəbər verir ki, sürücülər Dəniz Düşərgəsindən çıxaraq böyük bir ilmə vuraraq geri düşərgəyə qayıdıblar. Ümumi yolun uzunluğu 603 km olsa da, onun yalnız 367/368 km-lik hissəsi mübarizə üçün ayrılıb.

Kvadrosikletlərin yarışı gərgin mübarizə şəraitində keçib və yekunda argentinalı Manuel Anduxarın qələbəsi ilə başa çatıb. Yamaha ilə yarışan 2021-ci ilin çempionu finişdə keçənilki qalib Aleksandr Jirunu qabaqlaya bilib.

Amma Jirunun dünən proloqda qazandığı üstünlük sayəsində Anduxarı 21 saniyə qabaqlayır. Böyük ehtimalla finişə qədər mübarizə bu iki çempion arasında gedəcək. Çünki 3-cü yerdə olan Marselo Medeyros artıq liderə təxminən 13 dəqiqə uduzur…

Ən çox iştirakçısı olan motosikletçilərin yarışı daha gərgin alınıb.

Startdan cəmi 52 km sonra marafonun ilk qrubanı məlum olub – keçənilki qalib Səm Sanderlənd yıxılıb və xəstəxanaya çatdırılıb. Onun sağlamlığı təhlükədən uzaq olsa da, Səm özü də builki mübarizədən kənar qalıb.

Yıxıldığı an protokollara başçılıq edən Səm liderliyi Daniel Sandersə verib. Amma növbəti nəzarət nöqtəsində lider yenə dəyişib – bu dəfə amerikalı KTM-dən Meyson Kleyn ilk sətrə yüksəlib və növbəti nöqtədə rəqibləri üzərində üstünlüyünü dəqiqəyarıma çatdırıb.

Lakin bundan sonra müəyyən problemlərlə üzləşən Kleyni əvvəl Honda-dan Riki Brabek keçib, finişdə isə KTM-dən Kevin Benavides haqlayıb.

İlk mərhələdən sonra ümumi hesabda Brabek Benavidesi 19 saniyə qabaqlayır, Tobi Prays daha 20 saniyə geridədir…

Maşınların yarışında sütardlar hələ də yarış məsafəsində baş verən insidentləri araşdırırlar və protokollarda dəyişiklik mümkündür.

Günün finişi isə Audi-nin əsl triumfu olub. Ralli üzrə ikiqat dünya çempionu Karlos Sayns Sayns ralli üzrə 9 qat dünya çempionu və komanda yoldaşı Sebastyen Löbü 21 saniyə qabaqlayıb.

Əvvəlcə 3-cü yeri dünənki proloqun qalibi və Audi-nin daha bir sürücüsü Mattias Ekström tutub – komanda tam podiumlu qələbəyə hazırlaşarkən isveçli sürücüyə 15 dəqiqəlik cərimə gəlib. Nəticədə podiumun son pilləsinə yerli azarkeşlərin sevimlisi Toyota-dan Yezid əl-Raci yüksəlib.

Ümumi sıralamada isə Karlos Sayns komanda yoldaşı Löbün 10 saniyə önündədir.

Yüngül baqqilərin mübarizəsində bu gün finiş xəttini birinci çilili Fransisko Lopes Kontardo keçib. Lopes əsas rəqibləri Giyom de Mevyusu və amerikalı Set Kinteronu qabaqlayıb.

Elə ümumi sıralamada da üçlük bugünkü finişə müvafiq olub. Dünənki proloqun qalibi Kristina Qutyeres bu gün liderlərə 20 dəqiqə uduzub və ümumi sıralamada onluğu tamamlayır.

Daha ağır baqqilərin T4 kateqoriyasında bu gün də litvalı Rokas Batsyuşka fərqlənib. Rokasın bu dəfə üstünlüyü böyük olub və finişdə polşalı Erik Qoşalı iki dəqiqədən çox qabaqlayıb.

Finişdə 3-cü olan Po Navarro ümumi sıralamada da üçüncü yerə yüksəlib.

Yük maşınlarının yarışnda çexiyalı Martin Matsik dünənki uğurunu davam etdirib. Çexiyalı sürücü İVECO-nun sükanı arxasında rəqiblərinə şans verməyib və finişdə ikinci olan əfsanəvi həmyerlisi Aleş Lopraysı təxminən 6 dəqiqə qabaqlayıb.

Dünən 2-ci olan Mitçel van der Brink bu dəfə podiumu tamamlayıb.

Ümumi sıralamada da ilk üçlük elə yuxarıdakı ardıcıllıqla formalaşıb.

Sabah iştirakçılar Qırmızı dəniz sahillərindən yarımadanın ortalarına doğru yola çıxacaqlar. Əsas mübarizə hələ qarşıdadır…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*