F-1.az xəbər verir ki, bu gün sürücülər proloqda güclərini sınayıblar. Əslində 13 km uzunluğu olan bu mərhələ sabahkı uzun mərhələ qarşısında sürücülərin start düzümü üçün vacibdir – ilk onluqda yer alan sürücülər ardıcıllıqla start mövqeyini elan edirlər. Məsələn, bu gün 1-ci olan sürücü sabah startda 5-ci yerdən start ala bilər, yəni startı özü seçir. Çünki öndə getmək, peletona yol açmaq tam yolsuzluq şəraitində bəzən çox çətin olur.
Bu gün proloqda ilk start alanlar kvadrosiklet sürən idmançılar olublar.
Bu gün qazanan ilk sürücü isə keçənilki Dakarın qalibi Yamaha-dan Aleksandr Jiru olub. Fransalı sürücü Eyni texnikada olan braziliyalı Marselu Medeyrosu cəmi 1 saniyə qabaqlaya bilib. İlk üçlüyü isə Daniel Vilya Vaskes tamamlayıb – ispaniyalı sürücü liderə 11 saniyə uduzub.
Motosikletçilərin də yarışında liderin üstünlüyü cəmi 1 saniyə olub – avstraliyalı Tobi Prays həmyerlisi Daniel Sandersi qabaqlayıb. Qeyd edim ki, keçən il hər iki sürücü Red Bull KTM komandasında idi, bu il Daniel komandasını dəyişib və GasGas-la yarışır.
Protokollarda növbəti 3 sətri tutan sürücülər liderə 9 saniyə uduzublar – Ros Branç, Xoan Barreda Bort və Kevin Benavides bu titula əsas namizədlərdir. Keçənilki titulun sahibi Səm Sanderlənd isə proloqu ancaq 10-cu yerdə başa vurub.
Ənənəvi olaraq bu kateqoriyada bizi sıx mübarizə gözləyir – sadəcə bir faktı da əlavə edim ki, protokollarda ilk dörd yeri tutan sürücülər 4 müxtəlif texnikada yarışırlar.
Aydın məsələdir ki, cəmi 8 dəqiqə davam edən proloqun nəticələri 15 gündən sonra başa çatacaq marafonun yekununa ciddi təsir etməyəcək. Amma bu qısa məsafədə də sürücülər mübarizəyə can atırlar və qalib gəlməyə səy göstərirlər.
Minik maşınlarının yarışında Audi-nin sürücüsü Mattias Ekström qələbəyə digər namizəd Prodrive komandasından Sebastyen Löbü 1 saniyə qabaqlayıb.
Keçən il çempionatda debüt edən Audi maşını rəqiblərindən fərqlənir – maşın ön və arxa təkərlər üzərində qurulmuş elektrik motorları ilə hərəkətə gətirilir, bu motorlara elektriki isə DTM-də yarışan Audi RS5-də çalışan 4 silindrli benzin motoru istehsal edir.
Audi-nin əfsanəvi sürücüsü, Dakarın 14 qat qalibi Stefan Peteransel bu dəfə ilk üçlüyü tamamlayıb. Titula əsas namizədlərdən biri, sonuncu qalib Nasser əl Attiya Toyota ilə 4-cü, Karlos Sayns isə Audi ilə 6-cı olub.
Artıq iki ildir ki, baqqilər Dakarda iki kateqoriya üzrə yarışırlar.
Yüngül baqqilərin T3 sinfində bu gün qələbəyə Kristina Qutyerres sevinib. Xatırladım ki, ispaniyalı xanım sürücü Extreme E seriyasında Sebastyen Löblə Lyuis Həmiltonun komandasında yarışır və keçən ay bu seriyada titul qazanmışdı.
Kristina bu gün keçən ilin fenomeni amerikalı Set Kinteronu cəmi 1 saniyə qabaqlayıb. Keçən il 13 mərhələdən 12-də qələbə qazanan Set məhz bir mərhələdəki texniki problemə görə titulu əldən vermişdi. Ona görə bu il də titula əsas namizəd o sayılır. Bu gün ilk üçlüyü isə belçikalı Giyom de Mevius tamamlayıb.
Daha ağır baqqilərin T4 kateqoriyasında bu gün litvalı Rokas Batsyuşka fərqlənib. Rokas avtoidman ictimaiyyətinə daha çox ralli-kross yarışlarından tanışdır. Litvalı sürücü bu gün Kristiano Batistanı cəmi 2 saniyə qabaqlayıb.
Daha sonrakı yerləri tutan 3 sürücü liderə 8 saniyə uduzub – Erik və Mixal Qoşak qardaşları bu dəfə də titula əsas namizəddirlər, ilk 5-liyi isə ispaniyalı Jerar Farres tamamlayıb.
Və finişə ən sonda yük maşınları çatıblar.
Bu dəfə peletonda nə MAZ var, nə də KamAZ, onu görə qələbə uğrunda digər brendlər mübarizə aparırlar ki, şansı lazımınca dəyərləndirsinlər. KamAZ-ın vaxtında qələbə qazanmaq mümkün deyildi ))
Bu gün proloqda ilk qələbəyə Martin Matsik sevinib – çexiyalı sürücü İVECO-nun sükanı arxasında sürətli olub. Martin finişdə niderlandlı Mitçel van der Brinki 5 saniyə üstələyib. İlk üçlüyü isə niderlandlı Yanus van Kasteren tamamlayıb – Yanus həmyerlisinə cəmi 1 saniyə uduzub. Podiumu tam İVECO yük maşınları qazanıblar.
Əlbəttə, sürücülər arasında əsas mübarizə sabah 367 km-lik ilk mərhələ ilə başlayacaq…