F-1.az bildirir ki, 40-cı dəfə keçirilən ralli-marafonun ilk mərhələsi Pisko şəhərinə qədər çox qısa – cəmi 31 kilometrlik sürətli sahədən ibarət olsa da, qumsal ərazilərdən keçdiyi üçün tarixin ən çətin mərhələsi adını alıb.
Tamaşaçılar isə ilk qəzaların, nasazlıqların və xətalarına şahidi olublar. Yalnız kvadrosikletlərin yarışında start alanların hamısı mərhələni başa vura biliblər, digər seriyaların hər birində 3 iştirakçı finişə çata bilməyib. Marafonu ilk dayandıran isə motosikletçi Yoakim Rodriges olub – ilk metrlərdəcə qəzaya uğrayan sürücü hospitala göndərilib.
Əlbəttə, belə qısa məsafədə rəqiblərlə böyük fərq yaratmaq çətindir, ona görə də nəticələr çox sıx alınıb. motosikletlərin yarışında keçənilki lider KTM-in sürücüsü Sem Sanderlənd finişə öndə çatıb. Yamaha-dan Andriyen van Beveren ona yarım dəqiqə, Husqvarna-dan Pablo Kuintanilla və Honda-dan Xuan Barreda isə bir dəqiqə uduzublar. İlk dördlükdə dörd müxtəlif istehsalçının olması qarşıda gərgin mübarizədən xəbər verir.
Kvadrosikletlərin yarışında da sensasiya baş verməyib – qələbəyə əsas iki namizəd İqnasio Kasale və Sergey Karyakin bir dəqiqəlik fərqlə liderliyi ələ alıblar. Digər favorit Rafal Sonik hələlik 5-cidir – argentinalı Pablo Kopetti və Nikolas Kaviqliasso daha sürətli olublar. İlk beşlik Yamaha-da çıxış edir və cəmi 4 dəqiqəyə yerləşib.
Avtomobillərin yarışında isə ilk iki yeri Toyota-nın nümayəndələri tutublar. Dakarın ikiqat qalibi qətərli Nasser əl Attiya liderliyi ələ alıb. Berhard ten Brinke komanda yoldaşına 25 saniyə uduzur. Borgward-dan Nikolas Fuksun 3-cülüyü hamını təəccübləndirib.
Əsas favoritlər Peugeot sürücüləri hələlik heç ilk onluğa düşmürlər: Canlı əfsanə Stefan Petransel 11-ci nəticə göstərə bilib – fransalı çempion liderə 2 dəqiqə 15 saniyə uduzub. Əyləc problemləri yaşayan Sebastyen Löb 5 dəqiqədən çox uduzaraq 27-ci yerdə qərarlaşıb.
Yük maşınlarının yarışında isə Tatra-dan Aleş Loprays fərqlənib. Renault-nun sürücüsü Martin van Brink ona 22 saniyə uduzub. Daha 4 saniyə sonra isə KamAZ Master-dən Eduard Nikolayev finiş xəttini keçib.
Axşam marafon iştirakçıları 2-ci mərhələnin startına çıxacaqlar. Xatırladaq ki, marafon yanvarın 20-də başa çatacaq…