Dakar-2013: Heç bir sürpriz olmayıb… (video)

Xəbər verdiyimiz kimi, on beş gün əvvəl Perunun paytaxtı Limada növbəti Dakar yarışlarına start verilmişdi. Beşinci dəfə yarışlar Cənubi Amerikanın […]

dakar-29
Xəbər verdiyimiz kimi, on beş gün əvvəl Perunun paytaxtı Limada növbəti Dakar yarışlarına start verilmişdi. Beşinci dəfə yarışlar Cənubi Amerikanın 3 dövlətinin dağlıq və səhralıq ərazilərində baş tutub. Dünən marafon iştirakçıları La Serena məntəqəsindən Çilinin paytaxtı Santyaqo şəhərinə qədər 626 km-lik məsafə qət edərək marafonu başa vurublar. Marafon təşkilatçıları bütün nəqliyyat vasitələri üçün 346 km sürətli xüsusi sahə ayırıblar.

Marafonun gedişində liderlər bir neçə dəfə dəyişsə də, yekun nəticələr heç bir sensasiya doğurmayıb.

Ən darıxdırıcı isə kvadrosiklet yarışları olub. Hələ marafonun startından əvvəl məlum olmuşdu ki, yarışa Patronelli qardaşlarından biri qatılacaq – Markoş. Argentinalı ilk 5 mərhələdə dörd ardıcıl qələbə qazandıqdan sonra ən yaxın izləyicisini bir saatdan çox qabaqlayırdı. Ona görə də növbəti mərhələlərdə sadəcə finişə çatmağa çalışırdı. Yekun protokollarda Yamaha sürücüsü öz komanda yoldaşı İqnasio Kasaleni təxminən 2 saat üstələyib. Ümumi sıralamada podiumun sonuncu pilləsini də Yamaha sürücüsü tutub – Rafal Sonik.

dakar-28
Motosiklet sürücülərinin yarışında isə hamı sensasiya gözləyirdi. Əsas favorit Siril Depre marafonun birinci yarısında özünün KTM-inə güvənmirdi. Amma onun əsas rəqibləri müxtəlif səbəblərdən mübarizədən kənar qalıblar. Nəticədə ümumi sıralamada ilk beş yeri KTM sürücüləri tutublar. Depre isə ikinci ardıcıl qələbəni bayram etməklə, marafondakı qələbələrinin sayını beşə çatdırıb.

Avtomobillərin də yarışında BMW-nin hazırladığı Mini-nin sükanı arxasında Stefan Petransel ardıcıl ikinci qələbəsini qazanıb. Amma marafonun ilk yarısında Qatar Red Bull komandası güclü təsir bağışlayırdı. Nasser əl-Attiyahın hazırladığı baqqinin sükanı arxasında əvvəlcə Karlos Sayns, daha sonra isə qətərli sürücünün özü gözəl qələbələr qazanıblar. Amma marafonda debüt edən baqqilər etibarsız çıxıblar və hər iki sürücü vaxtından əvvəl mübarizəni dayandırıb. Güclü rəqibi qalmayan Petransel sadəcə səhvə yol verməməyə çalışıb. Fransalı sürücü marafonda qazandığı qələbələrin sayını 11-ə çatdırıb, maraqlıdır ki, bunlardan altısını Stefan motosikeltlə qazanıb.

dakar-30
Nəhayət, yük maşınlarının yarışında KamAZ komandası keçənilki gözlənilməz məğlubiyyətin əvəzini layiqincə çıxıb. Podiumun bütün pillələrini rusiyalı sürücülər qazanıblar: Eduard Nikolayevin ekipajı Ayrat Mardeyev və Andrey Karqinovu qabaqlayıb.

Bu gün axşam Santyaqoda 2013-cü ilin Dakar marafonunun rəsmi bağlanış mərasimi olacaq, mərasimdə qalib və mükafatçılar təltif olunacaqlar…

, , , , , , , , , , , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*