Xəbər verdiyimiz kimi, artıq on gündür Perunun paytaxtı Limada növbəti Dakar yarışlarına start verilib. Beşinci ildir ki, yarışlar Cənubi Amerikanın 3 dövlətinin dağlıq və səhralıq ərazilərində baş tutur. Dünən marafon iştirakçıları birgünlük fasilədən sonra Tukuman məntəqəsidən Kordoba məntəqəsinə qədər 852 km-lik məsafə qət ediblər. Marafon təşkilatçıları yük maşınları üçün 293 km sürətli xüsusi sahə ayırıblar, digər nəqliyyat növləri üçün xüsusi sahənin uzunluğu 593 km təşkil edib.
Birgünlük fasilədən sonra gün müxtəlif insidentlərlə zəngin olub.
Motosiklet sürücüləri arasında marafonun ilk yarısını birinci yerdə başa vuran Yamaha-nın fransalı sürücüsü David Kasto yola çıxan inəyə çırpılıb. Qəza nəticəsində motosikletin yanacaq çəni deşilib, sürücünün çiyni burxulub. On dəqiqə vaxt itirməyinə baxmayaraq, sürücü finişə qədər çata bilib. Qələbəyə əsas namizəd sayılan KTM sürücüsü Siril Depre, nəhayət, bu il ilk qələbəsini qazanıb. Amma ümumi sıralamada onun komanda yoldaşı Ruben Faria liderliyi ələ alıb – 25:57:12, Depre ikincidir (+ 00:05:23).
Kvadrosiklet sürücüləri arasında yarışların favoriti Yamaha-nın sürücüsü Markoş Patronelli dörd ardıcıl qələbədən sonra dördüncü dəfə ardıcıl ikinciliyini qazanıb, bu gün qələbəni isə onun komanda yoldaşı polşalı Lukaş Laskaviyets bayram edib. Ümumi sıralama Markoşun liderliyi davam edib – 29:06:19, onun komanda yoldaşı İgnasio Kasale ikinci yerdədir (+ 01:32:28).
Avtomobillərin yarışında isə daha bir favorit mwbarizəni dayandırıb: Qatar Red Bull komandasının təsisçisi qətərli Nasser əl-Atiyyah finişə 4 km qalmış texniki problemlər üzündən mübarizəni dayandırmalı olub. Qələnəni isə BMW-nin hazırladığı Mini-nin sükanı arxasında Xuan Roma bayram edib. Onun komanda yoldaşı Stefan Petransel marafonda liderliyini daha da möhkəmlədib – 24:11:43, ikinci yerdə Toyota-nın sürücüsü Jinel de Vilyersidr (00:49:31).
Yük maşınlarının yarışında ümumi sıralamada birinci olan İveco-nun sürücüsü Jerar de Royun maşınında sükanın gücləndiricisi sıradan çıxıb və sürücü çox vaxt itirməli olub. Finişə birinci Tatra-nın sürücüsü Aleş Loprays yetişib, amma ümumi sıralamada KamAZ-ın sürücüsü Eduard Nikolayev liderliyi ələ keçirib – 23:10:20, Tatra-nın digər sürücüsü Martin Kolomi ikincidir (+ 00:17:56).
Yarış bu gün davam edəcək…