Xəbər verdiyimiz kimi, artıq səkkiz gündür Perunun paytaxtı Limada növbəti Dakar yarışlarına start verilib. Beşinci ildir ki, yarışlar Cənubi Amerikanın 3 dövlətinin dağlıq və səhralıq ərazilərində baş tutur. Dünən marafon iştirakçıları Salta məntəqəsidən Tukuman məntəqəsinə qədər 738 km-lik məsafə qət etməli idilər, amma hava şəraiti marafonun gedişinə müdaxilə edib.
Əvvəlcə motosiklet və kvadrosiklet sürücüləri üçün ayrılmış 492 km-lik sürətli xüsusi sahə iki dəfə qısaldılıb, sonra yük maşınlarının 155 km-lik xüsusi sahədə yarışı təxirə salınıb. Nəhayət, avtomobillərin yarışı da yarımçıq dayandırılıb. Yağışdan sonra məcrasından çıxmış çaylar keçilməz olublar.
Motosiklet sürücüləri arasında bu gün maraqlı insidentlər olub. Hamı yarışın lideri olan Yamaha sürücüsü Olivye Panın arxasınca tramvay kimi hərəkət edib, Pan marşrutda səhvə yol verdiyindən böyük bir qrup onun arxasınca gedib. Mərhələdə qələbəni Husqvarna-nın sürücüsü Xuan Barreda Bort bayram edib. Ümumi sıralamada da lider dəyişib – Yamaha-nın fransalı sürücüsü David Kasto liderliyi ələ alıb – 19:56:33.
Kvadrosiklet sürücüləri arasında yarışların favoriti Yamaha-nın sürücüsü Markoş Patronelli bu gün də ikinci olub (ardıcıl 3-cü dəfə), qələbəni isə E-ATV komandasının sürücüsü Sarel van Biyon bayram edib. Ümumi sıralama Markoşun liderliyi davam edir – 22:38:35, onun komanda yoldaşı İgnasio Kasale ikinci yerdədir (+ 01:23:55).
Avtomobillərin yarışında isə cəmi dörd maşın finiş xəttini keçə bilib. Yarışın təşkilatçıları yerdə qalan sürücülərə bu gün sonuncu finiş görən sürücünün göstərdiyi nəticəni veriblər: dördüncü isə BMW-nin hazırladığı Mini-nin sükanı arxasında Stefan Petransel olub. Ona görə də Stefanın Qatar Red Bull komandasının təsisçisi qətərli Nasser əl-Atiyyahı üzərində ümumi sıralamada 3 dəqiqə 14 saniyə üstünlüyü davam edib.
Yük maşınlarının yarışında ümumi sıralamada İveco-nun sürücüsü Jerar de Roy liderliyini davam etdirib – 19:26:06, KamAZ-ın sürücüsü Eduard Nikolayev ikincidir (+ 00:22:08).
Yarış birgünlük fasilədən sonra davam edəcək…