Xəbər verdiyimiz kimi, beş gün əvvəl Perunun paytaxtı Limada növbəti Dakar yarışlarına start verilib. Artıq 5-ci ildir ki, yarışlar Cənubi Amerikanın 3 dövlətinin dağlıq və səhralıq ərazilərində baş tutur. Dünən marafon iştirakçıları Arekipa məntəqəsidən Arika məntəqəsinə qədər 510 km-lik məsafə qət edib – bu dəfə sürətli xüsusi sahə nəqliyyat növləri üçün fərqli olub: yük maşınları və avtomobillər üçün 172 km, motosiklet və kvadrosikletlər üçün isə 136 km təşkil edib.
Motosiklet sürücüləri arasında bu dəfə Yamaha-nın sürücüləri fərqləniblər. Fransalı David Kasto 01:39:42 nəticə ilə həmyerlisi Olivye Panı qabaqlayıb. Ümumi sıralama da isə Pan birincidir – 11:51:29, onun komanda yoldaşı və həmyerlisi Kasto isə ikincidir (+ 00:01:15). Qələbəyə əsas namizəd sayılan KTM sürücüsü Siril Depre sıralamada üçüncüdür (+ 00:06:07).
Kvadrosiklet sürücüləri arasında yarışların favoriti Yamaha-nın sürücüsü Markoş Patronelli ardıcıl 4-cü qələbəsini qazanıb – argentinalı sürücü 136 km-lik məsafəni 1 saat 59 dəqiqə 30 saniyəyə qət edərək, ümumi sıralama mövqeyini möhkəmlədib – 13:20:56.
Avtomobillərin yarışında isə BMW-nin hazırladığı Mini-nin sükanı arxasında ispaniyalı Xuan Roma bu dəfə birinci olub, onun komanda yoldaşı Dakarın ən titullu sürücüsü Stefan Petransel isə günü ikinci yerdə başa vurub və ümumi hesabda liderliyini qoruya bilib – 10:55:32. Qatar Red Bull komandasının təsisçisi qətərli Nasser əl-Atiyyah ikinci yerdədir (+ 00:09:54).
Yük maşınlarının yarışında İveco-nun sürücüsü Hans Steysi birinci olub – 02:07:34, KamAZ-ın sürücüsü Eduard Nikolayev ikinci olub. Birgünlük fasilədən sonra İveco-nun sürücüsü Jerar de Roy ümumi hesabda ldierliyi geri qaytarıb – 13:04:43, Nikolayev ikincidir (+ 00:05:33).
Qeyd edək ki, artıq 89 ekipaj yarışı dayandırıb – 34 motosiklet, 8 kvadrosiklet, 40 avtomobil və 7 yük maşını. Yarış bu gün davam edəcək…