Xəbər verdiyimiz kimi, artıq on bir gündür Perunun paytaxtı Limada növbəti Dakar yarışlarına start verilib. Beşinci ildir ki, yarışlar Cənubi Amerikanın 3 dövlətinin dağlıq və səhralıq ərazilərində baş tutur. Dünən marafon iştirakçıları Kordoba məntəqəsidən La Ryoxa məntəqəsinə qədər 633 km-lik məsafə qət ediblər. Marafon təşkilatçıları avtomobillər və yük maşınları üçün 353 km sürətli xüsusi sahə ayırıblar, digər nəqliyyat növləri üçün xüsusi sahənin uzunluğu daha 4 km uzun olub.
Motosiklet sürücüləri arasında dünən qələbə qazanan KTM sürücüsü Siril Depre bu gün finişdə ikinci olub, amma bu nəticə fransalı sürücüyə ümumi sıralamada liderliyi ələ almağa kifayət edib – 30:47:04, onun komanda yoldaşı Ruben Faria ikinci yerə düşüb (+ 00:01:37). Bu gün qələbəyə Husqvarna-nın sürücüsü Xuan Barreda Bort sevinib.
Kvadrosiklet sürücüləri arasında yarışların favoriti Yamaha-nın sürücüsü Markoş Patronelli marafonda birinci dəfə podiuma düşə bilməyib, onun komanda yoldaşı polşalı Lukaş Laskaviyets isə ardıcıl ikinci qələbəsini qazanıb. Ümumi sıralama Markoşun liderliyi davam edib – 34:31:47, onun komanda yoldaşı İgnasio Kasale ikinci yerdədir (+ 01:27:47).
Avtomobillərin yarışında BMW X3-ün sükanı arxasında Orlando Terranova bu gün birinci olub. BMW-nin hazırladığı Mini-nin sükanı arxasında Stefan Petransel marafonda liderliyini daha da möhkəmlədib – 28:12:00, ikinci yerdə Toyota-nın sürücüsü Jinel de Vilyersidr (00:52:38).
Yük maşınlarının yarışında KamAZ-ın sürücüsü Andrey Karqinov bu gün birinci olub. Onun komanda yoldaşı Eduard Nikolayev ümumi sıralamada liderliyini davam etdirib – 27:59:31, Tatra-nın sürücüsü Martin Kolomi ikincidir (+ 00:32:23).
Yarış bu gün davam edəcək…