Ənənəsinə sadiq qalan Rikkardo podium qazandığı halda yanındakı sürücüləri idman ayaqqabısından şampan içməyə çağırır. F-1.az bildirir ki, Şpilberqdə Valtteri Bottas və Sebastyan Fettel avstraliyanın təklifini rədd etsələr də, podiuma müsahibə almağa qalxan Martin Brandl Danielə imtina edə bilməyib. Hərçənd, keçmiş F1 sürücüsü Rikkardonun ayaqqabısını suvenir kimi özündə saxlayıb və onu xeyriyyə hərracına çıxarmağa söz verib.
Əlbəttə, Daniel ardıcıl 5-ci podiumunda çox razı qalıb…
Daniel Rikkardo: “Yarış çox şən keçdi və yarışın startında Kimini üstələməyim həlledici oldu. Son dövrələrdə isə Həmiltonun hücumlarını dəf etməli oldum. Lyuis çox yaxın idi və mən döngələrdə son anda əyləcə basırdım ki, döngənin çıxışında Mercedes motorundan sürətli olum.
Ardıcıl beş podium əla nəticədir, amma Red Bull-un ev trasında podiuma qalxmaq tam başqa bir hissdir. Keçən il Maks burada podiuma qalxmışdı və mən bir qədər ona paxıllıq etmişdim, indi isə mən də bunu edə bildim.
Düşünürəm ki, sondan əvvəlki dövrə ən çətini oldu – mən döngədən yaxşı çıxmamışdım, Lyuis isə DRS-dən istifadə etdi. Növbəti döngədə düz yanıma qədər gəldi. Amma şadam ki, damalı bayrağı ondan əvvəl görə bildim”.