F-1.az İtaliya mətbuatına istinadən xəbər verir ki, hazırkı sürücüləri Fettel və Rəykkönenlə yeni müqavilə imzalamayan Ferrari 2018-ci il üçün Rikkardo ilə müqavilə imzalayıb. Xəbərdə qeyd edilib ki, müqavilə yanvar ayında bağlanıb və Arrivabene bu sirri hələ də açıqlamaq istəmir.
Bu cür xəbərlər Çində gündəmə gəlib. Düzdür, Rikkardonun komandası Red Bull-la müqaviləsi 2018-ci ildə bitəcək, amma müqavilənin bəzi maddələrinə görə komandadan vaxtından əvvəl ayrıla bilər.
Şanxayda Ferrari-nin prezidenti Sercio Markionne və komandanın rəhbəri Mauritsio Arrivabene bildiriblər ki, Fettel və Rəykkönenlə müqavilə barədə danışıqlara başlamayıblar və yaxın gələcək üçün belə planları yoxdur.
Amma Rikkardonun komandaya gəlməsi ilə Rəykkönenin Ferrari-dən ayrılacağını demək olmaz, çünki 4 qat Dünya Çempionu Fettelin adı Mercedes komandası ilə hallanır. Bəzi xəbərlərə əsasən, “gümüşü oxlar” almaniyalı sürücünü transfer etmək istəyirlər.
Xatırladaq ki, Rikkardonun adı 2014-cü ildə də Ferrari ilə hallanmış, amma həmin vaxt “qırmızılar” 4 qat Dünya Çempionu Fetteli transfer etmişdilər. Fettel “şahə qalxan atlar”la müqavilə bağlamasaydı, böyük ehtimalla Rikkardo transfer ediləcəkdi.
Əslən italiyalı olan Daniel Rikkardo komandası Red Bull-un Maks Ferstappenə daha çox diqqət ayırdığını düşünür və buna görə də Avstriya komandasının heyətindən ayrılmaq istəyir.
Bundan başqa böyük komandaların transfer siyahısında olan Karlos Sayns var. Red Bull komandası da ispaniyalı sürücünü əldən vermək istəmir. Əgər “qırmızı öküzlər” Saynsı Toro Ross-dan əsas komandaya keçirmək istəsələr, Rikkardonun vaxtından əvvəl ayrılmasına icazə verə bilərlər…