F-1.az xatırladır ki, finlandiyalı sürücü Red Bull Rinqdə işıqforun işıqlarına 0.201 saniyədən sonra reaksiya verərək, mükəmməl start almış və ilk döngəyə rahatlıqla girmişdi. Hadisədən sonra Ferrari komandasının sürücüsü Sebastyan Fettel rəqibinin erkən start aldığını demiş və insidentin araşdırılmasını istəmişdi. Stüardlar Bottasın startını araşdırdıqdan sonra Mercedes komandasının sürücüsünə heç bir cəza verməmişdilər.
Daniel Rikkardo: “İşıqlar normadan bir az çox yanılı qaldı və Valtteri əla iş gördü. Yenə də bunu bilərəkdən etdiyini düşünmürəm. Bəxti də gətirdi. Qaz pedalını sıxdığı anda işıqlar söndü və hadisədən cəza almadan qurtula bildi. Mən də bir dəfə Formula3-də bunu sınamışdım. Növbəti dəfə əminəm ki, eyni formada start almayacaq.
Növbədəki Britaniya yarışında podiuma yüksəlməyə çalışacağam. Son yarışlarda tempimiz əladır və buna görə də növbəti yarışlarda da gözəl xallar almaq istəyirəm”.