F-1.az xatırladır ki, Çində ortaya çıxan və dünyaya yayılan Koronavirus gün keçdikcə çoxalır. Bu, öz növbəsində avtoidmana da öz təsirini göstərir. Belə ki, Çində Formula1 və Formula E yarışları təxirə salınıb, Qətərdəki MotoGP yarışı isə ləğv olunub. Bundan başqa Bəhreyndəki Formula1 yarışı azarkeşsiz keçiriləcək.
İtaliya virusun ən çox yayıldığı ölkələrdəndir. Buna görə də bəzi ölkələr italiyalı vətəndaşları ciddi formada yoxlayırlar. Bu da AlphaTauri və Ferrari kimi komandaların işlərini çətinləşdirir.
Daniel Rikkardo: “Komandalardan biri olmasa, yarış keçirilməməlidir. On komandanın və iyirmi sürücünün hamısı gəlməsə, yarışl keçirməyin mənası yoxdur. Məsələn, Ferrari və AlphaTauri iştirak etməsə və biz onlarsız yarışsaq, ədalətsizlik olar. Bu, texniki qaydaları pozanda yarışdan xaric olunmaq kimi deyil. Heç birimiz belə yarışda qalib olmaq istəmirik. Məsələn, Ferrari, Mercedes və ya Red Bull bəzi səbəblərə görə Avstraliyaya gələ bilməsə və yarışı mən qazansam, heç həzz almaram. Ya hamımız yarışaq ya da yarışmayaq”.