F-1.az xatırladır ki, Red Bull komandasının sürücüləri mühərriyə tələbkar olan Kanada QP-də son iki yarışdakı performansını nümayiş etdirə bilməyib və podiumdan kənarda qalıblar..
Maks Ferstappen (Yarış nəticəsi:4-cü, Start aldığı yer: 5-ci): “Əlimizdən gələni etdik və əla iş gördük. Yarışı Williams-ın önündə podiumda bitirmək istəyirdik, amma təkər yeyilməsi bir az çox idi. Məncə, yağış yağsaydı bu bizə kömək edə bilərdi. Önümdəki cütə çata bilməyəcəyimi anladım. Bundan sonra təkərlərə və yanacağa qənaət etməyə başladım. Daniel mənə yaxınlaşandan sonra sürətlənməyə qərar verdim. Performansımdan razıyam. Bundan başqa yeni güc qurğusunun hesabına Mercedes-in bizi keçməkdə çətinlik çəkdiyini gördük. Yaxşı inkişaf etmişik.
Son 10 dövrədən həzz aldım. Həyatımdakı ən çətin 10 dövrə olduğunu deyə bilərəm. Yarışın çox hissəsini 4-cü yerdə gedirdim və o yeri itirmək istəmirdim.
Yarışın sonunda çətin bir mübarizənin içində oldum. Rosberqin tempi çox güclü idi. Yenə də, öndə qala bildim. Son dövrə çox möhtəşəm idi. Monakodakı qəzadan sonra bu yarışdan gülərüzlə ayrılmaq yaxşı oldu.
İndi Bakı barədə düşünürük. Hamı üçün yeni təcrübədir və asfaltla ilişmə səviyyəsinin necə olduğunu gözləyib görməliyik. Yenə də Kanada bizim üçün pozitiv yarış oldu”.
Daniel Rikkardo (Yarış nəticəsi: 7-ci, başladığı yer: 4-cü): “Start yaxşı idi, amma Mercedes-lər çox ləng idilər və gedəcək yer yox idi. Daha sonra ikinci döngənin çıxışında Rosberq yenidən trasa qayıtdı və mən daxili trayektoriyanı tutmaq məcburiyyətində qaldım. Maks xarici trayektoriyada idi və burada bir pillə gerilədim.
Daha sonra ilk hissədə UltraSoft təkərlərlə Maksdan sürətli idim və önüm açıq olsa, daha sürətli gedəcəyimi komandaya dedim. Amma ilk pitlərdən sonra Soft təkərləri kilitlədim və o dəsti zay etdim.
Daha sonra yenidən pitə gəldim və Kimi-nin başçılıq etdiyi trafikə düşdüm. Amma təkərlərə elə zərər vermişdim ki, ona çatsam da, ötə bilmədim. Məncə, bu gün ən yaxşı yarışımızı keçirtmədik. Nə isə, 7 gündən sonra bizim üçün yeni bir şans olacaq. Bakıda daha yaxşı bazar günü keçirtməliyik. Yeni trasda getdiyimiz zaman həyəcanlanıram. Ora şəhər tipli trasdır və əyləncəli görünür”.
Kristian Horner: “Məncə, yarışdakı soyuq şərait nəticənin bu cür olmasında böyük rol oynadı. Maks güclü performans göstərdi. Yarışın sonlarında 4-cü yeri qorumaq üçün əla müdafiə olundu. Heyf ki, təkərlərin ömrü az oldu və biz bir pit-stoplu strategiya seçə bilmədik. Buna görə də iki pit-stoplu strategiya ilə getdik.
Daniel startda bir yer itirdi və virtual təhlükəsizlik avtomobilinə qədər Maks ilə arxa-arxaya gedirdilər. Yarış yenidən başlayanda, yumşaq təkərləri götürmək üçün pitə hamıdan əvvəl gələn sürücülərdən biri idi. Heyif ki, təkərlərini kilitlədi və daha sonra təkərin yeyilməsinə görə ikinci dəfə pitə gəlməli oldu. Daha sonra isə, Kiminin arxasında qaldı və onu ötə bilmədi. Ümumilikdə isə, bu cür trasda əla yarış keçirtdik və bir həftə sonra yeni trasdakı yarışı səbrsizliklə gözləyirik”.