F-1.az xatırladır ki, Red Bull komandası cari mövsümün ilk yarışlarında əsas rəqibləri Mercedes və Ferrari ilə müqayisədə daha pis performans göstərmiş və sıralanma turunda onlardan 1.8 saniyə geri qalmışdı. Lakin İspaniya yarışına yeni detallarla gələn avstriyalılar fərqi 0.3 saniyəyə qədər sala bilmişdilər.
Daniel Rikkardo: “Son bir neçə yarışda mənim və Maksın geribildirimləri daha yaxşı idi və çoxu məlumatlarla üst-üstə düşdü. İlin əvvəlində çox şey məlumatlarla üst-üstə düşmürdü. Son yarışlarda hər şey daha yaxşı görünür və getdiyimiz yolu tapmışıq. Barselonaya gətirdiyimiz yeniliklərin çoxu işləsə də, bəzilərindən istifadə edə bilmədik. Artıq boliddə nəyin işləyib, nəyin işləmədiyini açıq şəkildə görə bilirik. Məncə, artıq doğru istiqamətdə gedirik.
İnkişaf hesabına ön qrupa çatacağıq. İnanmıram ki, rəqiblərimizdən çox geri qalaq. Bakı yarışı bizim üçün müəmmalıdır, lakin orada ən yaxşı üçüncü komanda olmalıyıq. Sıralanmada ikinci cərgədə olacağımıza inanmıram, amma görək nə olur”.
Maks Ferstappen: “Yeni detalların hesabına balans yaxşılaşdı. Əvvəl bəzi məlumatlar düzgün gəlmirdi, lakin indi yeni detalların hesabına hər şey daha yaxşı işləyir. Dəyişiklik etdiyimiz çox şey yaxşı işləyir”.