F-1.az xatırladır ki, McLaren qış mövsümündə iddialı açıqlamalar versə də, mövsümün ilk 3 yarışından sonra hər iki bolidi ilə də finiş görə bilməyib. Buna görə də britaniyalıların əsas sürücüsü Fernando Alonso avtoidmanın brilyant qaşı sayılan Monakodan imtina edərək, İndy500-də yarışmağı seçib.
Qeyd edək ki, Monako yarışı McLaren üçün ən vacib yarışlardan sayılır. Çünki şəhər tipli traslarda Britaniya təmsilçisi daha yaxşı nəticələr alır. Fernando Alonso 2015-ci ildə komandaya keçdikdən sonra üç dəfə 5-ci yeri tutub və bunlardan biri 2016-cı ilin Monako yarışına təsadüf edir.
Daniel Rikkardo: “Məncə, Alonso yaxşı bir yarışı əldən verəcək. Ancaq ön qrupda yarışmayanda Monako adama çox uzun gəlir. Bunu etməsi yaxşı oldu. Ən ideal vaxtı seçib. Bu, onun üçün yaxşı fürsətdir və bunu yaxşı bir komanda ilə edəcək. Hazırda komandasına görə məyusdur və onu başa düşürəm. Əgər onun yaşında və vəziyyətində mənə də eyni fürsət verilsəydi, mən də eynisini edərdim, amma hazırda tək istəyim daha sürətli Formula1 bolididir, İndyCar yox”.