F-1.az xatırladır ki, ispaniyalı sürücü son qələbəsini 2013-cü ildə, son podiumunu isə 2014-cü ildə qazanıb. 35 yaşlı sürücü 2015-ci ildə McLaren Honda komandasına keçdikdən sonra ən yaxşı nəticəsi 5-cilik olub. Bəzi söz-söhbətlərə əsasən, ikiqat Dünya Çempionu gələn il təqaüdə çıxa bilər. Çünki Alonso gələn il qələbə qazanmaq potensialı olan komandada yarışmaq istəyir. Bu potensiala malik olan Ferrari ilə Mercedes isə gələn il də mövcud heyətlə davam etmək istəyirlər.
Daniel Rikkardo: “Düzünü desəm, onun qələbə uğrunda mübarizə aparmasını istəyərəm. McLaren-in ön qrupa qayıtmasını da çox istəyirəm. Bu qarşımıza çıxacaq böyük komandalardan biri olar. Şəxsən mən də daxil olmaqla çox adam bilirik ki, Fernando daha artığını edə bilər. Əksər problemlər ondan asılı olmayan səbəblərə görə əmələ gəldi. Rəqib olsaq da, onu anlayıram və hörmət edirəm. Onu yenidən sürətli boliddə görmək istəyərəm. 2014-cü ildə onunla çoxlu mübarizələrimiz olmuşdu. Bu ən çox sevdiyim mübarizə idi. Bunu yenidən yaşamaq istəyərəm”.