F-1.az xatırladır ki, Sebastyan Fettel 2009-2014-cü illərdə Red Bull komandasında çıxış etmiş və 2010-2013-cü illərdə 4 dəfə Dünya Çempionu titulunu qazanmışdı. Almaniyalı sürücü 2015-ci ildə Ferrari-yə transfer olunmuşdu.
29 yaşlı sürücü Ferrari-dəki ilk mövsümündə 3 qələbə qazansa da, 2016-cı ildə qələbə qazana bilməmişdi və sıralanma dövrələrində komanda yoldaşı Kimi Rəykkönenə məğlub olmuşdu.
Diter Mateşiç: “Bəli, Fettellə hələ də görüşürük. Yarışa gedəndə danışırıq və telefonla əlaqə saxlayırıq. Həmişə az da olsa, söhbət edirik. Mən ona həmişə deyirəm ki, qırmızı sənin rəngin deyil!”
Mateşiç Red Bull-un 2016-cı il performansından razı qalıb: “2016-cı il başlayanda üçlükdə olmağı gözləyirdik. Bəlkə, biz güclü idik, bəlkə də, onlar zəifləmişdi. Mario İlliyen və Renault-nun yeni texnologiya qrupu ilə ortaqlığımız gözlədiyimizdən daha yaxşı effekt verdi. Ferrari-ni məğlub etmək bizim üçün pul mükafatından da vacib idi. Bu şərəf məsələsi idi.
Renault 2016-cı il layihəsi üçün istəkli və işi bilən adamlarla müqavilə bağladı. İlliyenin hesabına çox inkişaf etdilər. 2017-ci ildə daha da güclənib Mercedes-ə yaxınlaşa bilərik. Mövsümün ortasından etibarən Mercedes-lə mübarizə aparacağımıza ümid edirəm. Şassi ən önəmli faktor olacaq. Amma Ferrari-nin nə edəcəyini hələ də bilmirik. Bundan başqa, Rikkardo və Ferstappenin performansı Red Bull üçün vacib olacaq”.