F-1.az xatırladır ki, Daniel Rikkardo Çində sıralanma turunda ilk cərgəni qazanmış, Daniil Kvyat isə yarışı podiumda bitirmişdi. Belə görünür ki, bu hadisələr Red Bull komandasının özünə inamını artırıb. Bundan başqa, Renault motorçuları söz veriblər ki, Kanadaya qədər mühərrikdə yeniliklər edəcək və bu amil də Red Bull üçün çox vacibdir.
Daniil Kvyat: “Keçən il biz “bu tras bizə uyğundur, bu isə deyil” deyirdik. İndi elə problemimiz yoxdur.
Artıq hadisələri axarına buraxırıq və belə görünür ki, bütün traslar bizim üçün əlverişlidir. Xüsusən də yarış tempində çox güclüyük. Sıralanma tempimiz də düzəlməyə başlayır.
Çin və Bəhreyn güc tələb edən traslar idi, amma buna baxayaraq, eyni təkər tərkibləri ilə Ferrari ilə mübarizə apara bildik.
Hər şey nəzarətimiz altındadır və Soçidə yaxşı yarışıb, vacib xallar qazanacayıq”.
Kvyat sonuncu podiumunu vacib bir anda qazandı. Çünki rusiyalı sürücü Red Bull ilə yeni müqavilə bağlamaq istəyir.
Qeyd edək ki, Maks Ferstappenin gələn il Red Bull-a keçidi gözlənilir. Buna baxmayaraq, Kvyat bildirib ki, əgər stabil nəticələr qazansa, yerini qoruya bilər: “Məncə, bu, hamı üçün mesaj oldu. Əgər siz yaxşı performans göstərsəniz, onda yerinizi rahatlıqla qoruya bilərsiniz.
Mən gələcəyimi Red Bull-da görürəm və bu komanda ilə çoxlu qələbələr qazanmaq istəyirəm. Bu mənim xəyalımdır. Amma bu qarşılıqlı olmalıdır və hər şey tezliklə bilinəcək.
Ən çətin anlarda belə əlimdən gələnin ən yaxşısını edərək, komandama maksimum xallar qazandırmaq istəyirəm.
Keçən il komanda üçün çətin keçdi, amma ən çox xalı da mən yığdım. İndi bunun qarşılığı verilməlidir. Ümidvaram ki, gələcəkdə bu baş verəcək. Mən hiss edirəm ki, bu əziyyətimin qiymətini bilirlər”.