F-1.az xatırladır ki, Red Bull komandası 2010-2013-cü illərdə 4 dəfə Dünya Çempionu titullarını qazanıb. Amma Formula1 2014-cü ildə turbo mühərriklərə keçdikdən sonra komanda uğursuzluq zolağına düşüb. Avstriyalılar 2015-ci ildə 4-cü yeri tutdular. Bu da onların 2008-ci ildən bəri ən pis nəticəsidir.
Renault mühərrikləri 2015-ci ildə çox zəif təsir bağışlasa da, Red Bull komandası bu il də TAG Heuer brendli Renault mühərriklərindən istifadə edəcəklər.
Red Bull komandasının sürücüsü Kvyat qeyd edib ki, 2015-ci il onlar üçün əsl səbr testi olub, amma bu mövsüm onlar güclü olacaqlar: “Mən komandaya gələndə, məndən də, mühəndislərdən də çox şey gözləyirdilər. Keçən il bizim üçün səbr testi oldu. Mövsümə pis başladıq və pis vəziyyətdə qaldıq. Daha sonra enişli-çıxışlı qrafik üzrə getdik, amma inkişaf etdik.
Bəzi yarışlarda yaxşı xallar qazandıq, amma bəzi yarışlardan xalsız ayrıldıq. Bu bizi məyus etdi.
Builki mövsümdən çox şey gözləyirəm, amma bəzən gözləntilərinizi bir kənara atıb işinizə fokuslanmalısınız. Mən keçən il belə etdim.
Keçən il ilk dəfə podiuma çıxmağıma və bir neçə yarışda yaxşı xallar qazanmağımıza baxmayaraq, üzümüz gülmədi. Ümid edirəm ki, bu il üzümüz gülər.
Amma hər komandanın belə pis mövsümlərə ehtiyacı var. Belə hallar bizi gücləndirir”.