D.Kvyat: “Formula1-i indi daha yaxşı anlayıram”

Daniil Kvyat Toro Rosso komandası ilə Formula1-də 2014-cü ildə uğurlu debüt etmiş, keçən mövsüm isə Red Bull-a keçmişdi.

F-1.az xəbər verir ki, Kvyat Red Bull üçün çətin keçən 2015-ci il mövsümündə öz problemləri ilə də üzləşdiyini bildirib.

Daniil Kvyat: “Debüt ilimdə demək olar ki, səhvsiz çıxış etdiyimi düşünürəm. Amma bəzən hamımız səhvlər edə bilirik. Məsələn, keçən mövsüm Suzuka və Ostində etdiyim kimi. Bunlara görə özümü tənqid etmirəm. Çünki bunlar bir saniyə ərzində baş verir və nə baş verdiyini başa düşənə qədər maşın divara dəyir. Amma bu hadisələr barədə çox düşünməməliyik və yolumuza davam etməliyik. Ostində yarışın ilk hissəsi ilə bağlı pozitiv xatirələrim var. Mən daha çox onları düşünürəm. Bəhs etdiyim iki hadisədən başqa səhvimin olduğunu düşünmürəm. Bizim üçün qeyri-sabit mövsüm idi.

Red Bull pilotları 2014-cü ildə 3 qələbə qazanmış və 9 dəfə podiuma yüksəlmişdilər. Mən komandaya gəldiyimdə podium uğrunda mübarizə aparacağımı düşünürdüm və özümü buna hazırlamışdım. Amma mövsüm boyu xüsusilə mühərrikdə olan problemlərlə mübarizə aparmalı olduq. Mövsümün gözlədiyimdən daha çətin keçəcəyi həqiqəti ilə üzləşmək mənim üçün çox çətin oldu. Bura gələrkən bütün hədəflərimi unudaraq yenidən adaptasiya olmaq məcburiyyətində qaldım. Hər dəfə yarışın necə yekunlaşacağını düşünmədim və bütün diqqətimi sadəcə sürməyə ayırdım və bu, mənə kömək etdi. Monako Qran Prisindən sonra bizim üçün yaxşı keçən yarışlar oldu. Hər şeyin mükəmməl olduğunu deyə bilmərəm, amma hər şey haqqında daha yaxşı anlayışım var”.

Qeyd edək ki, rus pilot keçən mövsüm cəmi bir dəfə – Macarıstan Qran Prisində podiuma yüksəlib. O, Fettelin qalib gəldiyi yarışda 2-ci olmuşdu.

, , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*