2014-cü ildə Formula1 yeni 1.6 litr həcmi olan V6 turbomotorlara keçəcək. Ekspertlər hesab edirlər ki, yeni motorlar indiki motorlar kimi güclü və ləzzətverici səs çıxarmayacaqlar, amma FİA-nın yarış direktoru Çarli Uaytinq əmindir ki, hamı yeni motorlara çox tez öyrəşəcək…
Çarli Uaytinq: “Yeni motorlar istehsalçılar üçün eyni zamanda həm çağırışdır, həm də ciddi problemdir. Yeni motorların ilk dəfə trasda səslənməsini səbirsizliklə gözləyirəm, onların işləməsi, konstruksiyası mənə çox maraqlıdır. Amma, əlbəttə, aydındır ki, yeni motorlarda ən yüksək texnologiyalardan istifadə olunacaq.
Yeni motorların səsinə gəlincə, məncə, insanlar yeni səsə çox tez öyrəşəcəklər. Düzünü desəm, mən hələ Brabham maşınlarında dirsəkli valı dəqiqədə 11 min dövriyyə vuran dördsilindirli BMW motorlarından istifadə etdiyimizi yaxşı xatırlayıram. Həmin motorların gözəl səsi də var idi. Əminəm ki, yeni motorlar sakit olmayacaqlar, düzdür, səsləri başqa cür çıxacaq, amma hamı buna tez öyrəşəcək.”