F-1.az xəbər verir ki, növbəti görüş iyulun 4-də baş tutub. Yığıncaqda Cosworth şirkəti Aston Martin-lə konsorsium halında iştirak edib. Reqlamentin gələcəyi barədə müzakirələrə qoşulan istehsalçıların ümumi sayı 13-ə çatıb. Cosworth və Aston Martin-lə yanaşı, Mercedes, Ferrari, Renault, Honda, Alfa Romeo, Audi, Porsche, McLaren Automotive, İlmor, Zytek Automotive və Magneti Marelli şirkətlərinin nümayəndələri də toplantıda iştirak ediblər.
Növbəti görüşün sentyabrın 21-də baş tutacaq FİA-nın Avtoİdman üzrə Ümumdünya Şurasının iclasından əvvəl keçirilməsi nəzərdə tutulub. Məhz bu görüşdə 2021-ci ilin texniki reqlamentinin müəyyən edilməsi gözlənilir. Bunun üçün FİA-nın nümayəndələri – texniki direktor Martsin Budkovski və güc qurğuları şöbəsinin rəhbəri Fabris Lom yuxarıda qeyd etdiyimiz 13 iştirakçı ilə ayrılıqda müzakirələr aparacaqlar.
Texniki tənəzzülün olmayacağı artıq müəyyənləşib. Hibrid texnologiyası davam etdiriləcək, amma elementlərin nisbəti dəyişəcək. Bu günün əsas konsepsiyası ikiqat turbinə keçmək, MGU-K generatorunu gücləndirmək və MGU-H generatorundan imtina etməkdir – bu dəyişikliklər nəticəsində motorların səsi və gücü artacaq, xərcləri isə azalacaq.
MGU-H ləğv olunarsa, yanacaq sərfiyyatı artacağı üçün yanacaq limiti məsələsinə yenidən baxılması planlaşdırılır. Bu, Formula1-də ekoloji mühərriklərdən istifadə edilməsi fikrinə ziddir, lakin hələlik bu amil ikinci plana keçirilib. Belə ki, “yaşıl” texnologiya heç WEC seriyasında da marağı artırmayıb – hazırda LMP1 kateqoriyasında cəmi iki komanda iştirak edir…
Nəticədə, yekun qərar bu il verilə bilər, lakin yeni motorlara keçid 2021-ci ildən sonra baş verəcək – o vaxta qədər motorlarla bağlı mövcud reqlamentin dəyişdirilməyəcəyi barədə saziş var…