Con Sörtiz vəfat edib

Formula1 üzrə 1964-cü ilin dünya çempionu, həm iki, həm də dörd təkər üzərində əsas titulu qazanmış yeganə şəxs olan Con Sörtiz bu gün 83 yaşında həyatdan gedib.

F-1.az xatırladır ki, 1934-cü il fevralın 14-də anadan olan Con Sörtiz karyerasını bitirdikdən sonra Formula1-də öz komandasını qurmuşdu. Lakin komanda iştirak etdiyi 1970-1978-ci illər ərzində uğur əldə edə bilməmişdi.

Ailəsi tərəfindən yayımlanan bəyanatda deyilir: “Con Sörtiz fevral ayında kəskin respirator xəstəliyi diaqnozu ilə Londondakı Müqəddəs Georq xəstəxanasına yerləşdirilmişdi. Orada intensiv müalicə almağa başlamasından qısa müddət sonra – bu gün həyatdan getdi. Həyat yoldaşı Ceyn, qızları Lenora və Edvin onunla idilər”.

Qeyd edək ki, onun oğlu Henri Sörtiz 2009-cu ildə Brənds Hətçdə Formula2 yarışında həlak olmuşdu. Avtomobil qəzalarından əziyyət çəkənlərə yardım fondu quran sabiq çempion Britaniya İmperiyası Ordeninə layiq görülmüşdü.

Con Sörtiz Formula1-də 1960-cı ildən 1972-ci ilə qədər Lotus, Cooper, Lola, Ferrari, Honda, BRM, McLaren və Surtees komandalarının tərkibində çıxış etmişdi. Çıxdığı 111 yarışda 6 qələbə, 24 podium, 8 poul qazanaraq 11 sürətli dövrəyə imza atmışdı. 1964-cü ili çempion kimi başa vuran Sörtiz barədə geniş məlumatı buradan oxuya bilərsiz (yazı qələmə alınarkən Sörtiz yaşayırdı).

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*