Çində də iki yarış ola bilər…

Hələ ki, ilk 8 Avropa yarışı təsdiq edilib və belə görünür ki, təqvimin ilk hissəsi bundan ibarət olacaq. İkinci hissəsinin necə formalaşacağı məlum deyil, lakin F1 rəhbərliyi 15-18 yarış üçün çalışdıqlarını deyir.

F-1.az bildirir ki, Liberty Media dəfələrlə mövsümü hətta yanvar ayına qədər uzatmağın mümkünlüyündən bəhs edib. Avropadakı yarışlara əlavələrin olacağını istisna etmək olmaz, çünki İmola, Mucello və Hokkenhaym çempionatı qəbul etməyə hazırdır.

The Race-nin məlumatına görə, Bəhreyn, Əbu Dabi və Rusiya ilə yanaşı, Çin də iki yarış keçirməyə hazır olduğunu bildirib. Belə vəziyyətdə Formula1 rəhbərliyinin şərtlərindən biri, ikinci yarış üçün müqavilədə razılaşdırılmış məbləğin yarısının ödənilməsidir. Formula1 rəhbərliyi noyabrda Vyetnam Qran Prisinin baş tutacağına ümid edir, amma belə görünür ki, uzaq şərq ölkəsi buna hazır deyil. Çünki bu halda 2021-ci ilin yazına planlaşdırılan yarışa çox az vaxt qalır.

Pandemiyanın çox yayıldığı Braziliya və Meksikanın bu il yarış qəbul edə biləcəklərinə şübhə böyükdür. Baxmayaraq ki, həmişə payızda baş tutur, Yaponiya Qran Prisinin də builki təqvimdə yer alacağı çox inandırıcı görünmür. Oktyabr ayının ikinci həftəsi qaralama təqvimdə Suzuka üçün nəzərdə tutulub, lakin keçirmək mümkün olmasa, Şanxayda ardıcıl iki yarış daha məntiqli olar.

İndiki şəraitdə ABŞ Qran Prisinin dolu tribunalar önündə baş tutması mümkün deyil. Hər zaman dövlət orqanlarının maddi dəstəyindən asılı olduqlarını nəzərə alsaq,Texasdakı yarışın keçirilməsi məqsədəuyğun hesab edilməyə bilər. Amma Liberty Media üçün ABŞ bazarı əhəmiyyətlidirsə, onlara cəlbedici şərtlər təklif edə bilərlər – yalnız yarışı qəbul etmək haqqını ləğv etməklə yetinməyərək, digər xərcləri qismən kompensasiya etmək kimi…

İstənilən halda, nə qədər çox ölkədə yarış ləğv edilərsə, ən azı 15 qran prinin baş tutması üçün bir o qədər çox yerdə iki yarış izləyə bilərik.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*