Çin-2016: Yarış

Cümə günü Şanxayda hava isti idi, şənbə günü səhər yağışla başlasa da, sıralanma turu quru trasda baş tutdu. Hava proqnozu yarışı yağıntı vəd etməmişdi - səmaya günəş çıxsa da, hava soyuq olub.

Mövsümün ilk iki mərhələsində sıralanma turu yeni formatla keçirilmişdi, amma komandalar, sürücülər və azarkeşlər bu formatdan narazı qaldıqları üçün Çin Qran Prisi ərəfəsində FİA və FOM keçənilki formata qayıtmaq qərarına gəldilər.

Start düzümü adət etdiyimiz kimi alınmamışdı – ilk iki Qran Pridə poul qazanmış Lyuis Həmilton bu dəfə maşınında MGU-Н generatorunun çalışmaması üzündən sonuncu yerdən start alıb. Pouldan isə onun komanda yoldaşı Niko Rosberq start alıb – almaniyalı sürücü ilk iki yarışda qələbə qazandığı üçün bu dəfə komanda yoldaşı ilə fərqi artırmaq şansı qazanıb.

İkinci yerdən Daniel Rikkardo start alıb – asvtraliyalı sürücü Rosberqə yarım saniyə uduzub, amma Ferrari sürücülərini qabaqlayaraq hamını təəccübləndirib. Rəykkönen və Fettel ikinci cərgədə yer alıblar. Niko Hülkenberq ön sol təkərin pis bağlanması üzündən startda 3 yer itirməli olub.

Həftəsonunun gedişində sürücülər Pirelli-nin təkərlərdə minimal təzyiq məsləhətindən gileyləniblər, təkərlərin yeyilməsi də yüksək olub. Amma yalnız Rosberq fərqli strategiya seçib – dünən sıralanma turunun ikinci sessiyasını Soft tərkiblə keçirən almaniyalı sürücü elə bu tərkiblə də start düzlüyündə dayanıb. Onunla bərabər Massa, Alonso, Qrojan, Eriksson, Nasr, Qutyerres, Palmer, Haryanto, Verlyayn və Həmilton da sarı təkərlərlə starta çıxıblar, digər sürücülər isə  SuperSoft-a üstünlük veriblər.

Startda Rikkardo Rosberqi üstələyib və ilk döngəyə birinci girib, Kvyat Fetteli sıxışdırıb və Sebastyan komanda yoldaşına çırpılıb. Peletonun sonunda Eriksson Qrojanın, Nasr isə Həmiltonun ön qanadını sındırıb. Lyuis trasdan çıxıb, qanad maşının altında qaldığı üçün maşının altlığı zədələnib. Dövrənin sonunda Rəykkönen, Həmilton və Qrojan ön qanadı dəyişdirməli olublar, Fettel və Batton isə Massanı üstələyiblər. Nasr yeni təkər dəsti alıb. 2-ci dövrənin sonunda ilk onluq: Rikkardo – Rosberq – Kvyat – Peres – Hülkenberq – Sayns – Fettel – Batton – Massa – Bottas.

3-cü dövrədə Rosberq düzlükdə Rikkardonu qabaqlayıb və məlum olub ki, Danielin maşınında arxa sol təkər deşilib, bir neçə döngədən sonra təkər tam dağılıb və Daniel diskin üzərində boksa qayıdıb. Trasa isə Təhlükəsizlik Maşını (SC) çıxıb – qırıntıları trasdan təmizləmək lazım gəlib.

SuperSoft-la start alan sürücülər boksa yönəliblər və Soft təkərlərlə trasa qayıdıblar, Batton və Eriksson isə Medium-a keçiblər. Həmilton iki dəfə mexaniklərinə baş çəkib – əvvəlcə SuperSoft, daha sonra Soft-la trasa qayıdıb. SC-nin arxasında ilk onluq: Rosberq – Massa – Alonso – Verlyayn – Qutyerres – Kvyat – Palmer – Haryanto – Peres – Bottas.

9-cu dövrədə restart elan olunub – bu dəfə ilk döngədə Rosberq liderliyini qoruya bilib. Kvyat Qutyerres, Verlyayn və Alonsonu, Fettel isə Haryanto və Hülkenberqi, Batton Palmeri, Həmilton isə Qrojan, Ferstappen, Maqnussen və Rəykköneni qabaqlayıb. 11-ci dövrənin sonunda ilk onluq: Rosberq – Massa – Kvyat – Alonso – Verlyayn – Qutyerres – Peres – Bottas – Fettel – Batton.

12-ci dövrədə Peres Quryerres və Verlyaynı, Fettel isə Bottası üstələyib. Növbəti dövrədə Kvyat Massanı keçərək ikinciliyə yüksəlib. 14-cü dövrədə Fettel Alonsonu keçib.

15-ci dövrədə Rəykkönen yeni təkər dəsti alıb, 16-cı dövrədə Həmilton Battonu qabaqlayaraq ilk onluğa daxil olub. 17-ci dövrədə Alonso pit-stopa yollanıb. Bir dövrə sonra Fettel və Hülkenberq də yeni təkər dəsti almağa tələsiblər. Növbəti dövrədə Peres və Haryanto, daha sonra Kvyat, Massa, Sayns, Rikkardo və Qutyerres təkərlərini dəyişiblər. 21-ci dövrədə Rosberq və Ferstappen, növbəti dövrədə isə Maqnussen və Qrojan pit-stopa baş çəkiblər. Bu zaman Kvyat və Fettel Battonu üstələyiblər, Sayns və Rikkardo isə Alonsonu ötüblər. Hülkenberq pit-leyndə yavaş getdiyi üçün 5 saniyəlik cəza alıb. 23-cü dövrədə Bottas və Həmilton da təkərlərini yeniləyiblər.

24-cü dövrədə Rikkardo Saynsı, Rəykkönen Alonsonu, Massa isə Peresi qabaqlayıb. 25-ci dövrənin sonunda ilk onluq: Rosberq – Kvyat – Fettel – Batton – Massa – Peres – Bottas – Rikkardo – Sayns – Rəykkönen.

27-ci dövrədə Hülkenberq yeni təkər dəstinə keçib. Rikkardo Battonu, Bottas Peresi üstələyib – Batton dərhal boksa yollanıb. Növbəti dövrədə Rikkardo Saynsı, Ferstappen isə Alonsonu arxada qoyub.

29-cu dövrədə Peres, Eriksson və Haryanto növbəti dəfə boksa baş çəkiblər. 31-ci dövrədə Bottas və Həmilton, 32-ci dövrədə Massa, növbəti dövrədə Alonso, bir dövrə sonra Sayns, 35-ci dövrədə Qrojan və Qutyerres, daha sonra Fettel və Kvyat, 37-ci dövrədə isə Rosberq daha bir pit-stop dalğasını başa vurublar.

Trasa qayıtdıqdan bir dövrə sonra Fettel Kvyatı keçərək ikinciliyə yüksəlib, 38-ci dövrədə Rikkardo və Rəykkönen sonuncu dəfə mexaniklərinə qonaq olublar.

41-ci dövrədə Həmilton və Rikkardo Bottası, Rəykkönen isə Peresi qabaqlayıb. 43-cü dövrədə Rikkardo Həmilton və Massanı da qabaqlayıb, 45-ci dövrədə isə Rəykkönen Bottası arxada qoyub. 45-ci dövrənin sonunda ilk onluq: Rosberq – Fettel – Kvyat – Rikkardo – Massa – Həmilton – Rəykkönen – Bottas – Peres – Sayns.

47-ci dövrədə Rəykkönen Həmiltonu, daha sonra isə Massanı qabaqlayıb. Ferstappen komanda yoldaşı Saynsı keçib. Növbəti dövrədə Toro Rosso sürücüləri Peresi arxada qoyublar.

Yarışın sonunda təkərlərini tam öldürmüş Bottası əvvəlcə Ferstappen, sonuncu dövrədə isə Sayns keçə bilib. Yarışda start alan 22 maşının hamısı damalı bayraq görüb.

Niko Rosberq Çin Qran Prisində finiş xəttini birinci keçməklə mövsümdə ardıcıl üçüncü, ümumən ardıcıl altıncı, karyerasında isə 17-ci qələbəsini qazanıb. Sebastyan Fettel podiumun ikinci, Daniil Kvyat isə üçüncü pilləsinə qalxıblar – rusiyaslı sürücü karyerasında ikinci podiumunu qazanıb.

İki həftədən sonra mübarizə Kvyatın vətənində – Rusiyada davam edəcək…

Yer Sürücü Komanda Zaman/Fərq Pit
1 Niko Rosberq Mercedes AMG 1:38:53.891 2
2 Sebastyan Fettel Ferrari + 0:37.776 3
3 Daniil Kvyat Red Bull + 0:45.936 3
4 Daniel Rikkardo Red Bull + 0:52.688 3
5 Kimi Rəykkönen Ferrari + 1:05.872 3
6 Felipe Massa Williams + 1:15.511 2
7 Lyuis Həmilton Mercedes AMG + 1:18.230 5
8 Maks Ferstappen Toro Rosso + 1:19.268 3
9 Karlos Sayns Toro Rosso + 1:24.127 3
10 Valtteri Bottas Williams + 1:26.192 3
11 Serxio Peres Force İndia + 1:34.283 3
12 Fernando Alonso McLaren + 1:37.253 2
13 Censon Batton McLaren + 1:41.990 3
14 Esteban Qutyerres Haas + 1 dövrə 3
15 Niko Hülkenberq Force İndia + 1 dövrə 4
16 Markus Eriksson Sauber + 1 dövrə 2
17 Kevin Maqnussen Renault + 1 dövrə 3
18 Paskal Verlyayn Manor + 1 dövrə 3
19 Roman Qrojan Haas + 1 dövrə 4
20 Felipe Nasr Sauber + 1 dövrə 3
21 Rio Haryanto Manor + 1 dövrə 3
22 Colion Palmer Renault + 1 dövrə 3

 

Sürətli dövrə: Niko Hülkenberq (Force İndia) – 1:39.824 (48-ci dövrə, 196.581 km/saat).

 

SÜRÜCÜLƏRİN ÇEMPİONATI:

Yer Sürücü Ölkə Komanda Xal
1 Niko Rosberq Mercedes AMG F1 Team 75
2 Lyuis Həmilton Mercedes AMG F1 Team 39
3 Daniel Rikkardo Red Bull Racing 36
4 Sebastyan Fettel Scuderia Ferrari 33
5 Kimi Rəykkönen Scuderia Ferrari 28
6 Felipe Massa Williams Martini Racing 22
7 Daniil Kvyat Red Bull Racing 21
8 Roman Qrojan Haas F1 Team 18
9 Maks Ferstappen Scuderia Toro Rosso 13
10 Valtteri Bottas Williams Martini Racing 7
11 Niko Hülkenberq Sahara Force İndia F1 Team 6
12 Karlos Sayns Scuderia Toro Rosso 4
13 Stoffel Vandorn McLaren Honda Formula 1 Team 1

 

MÜHƏNDİSLƏR KUBOKU:

Yer Komanda Motor Xal
1 Mercedes AMG F1 Team Mercedes 114
2 Scuderia Ferrari Ferrari 61
3 Red Bull Racing Tag Heuer 57
4 Williams Martini Racing Mercedes 29
5 Haas F1 Team Ferrari 18
6 Scuderia Toro Rosso Ferrari 17
7 Sahara Force İndia F1 Team Mercedes 6
8 McLaren Honda Formula 1 Team Honda 1
, , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*