F-1.az bildirir ki, Heydər Əliyev Mərkəzində baş tutan konfrans Bakı Şəhər Halqası Əməliyyat Şirkəti, Azərbaycan Avtomobil Federasiyası və Azərbaycandakı Amerika Ticarət Palatasının birgə təşkilatçılığı ilə keçirilib.
Konfrans zamanı Çeyz Keri kürsüyə çıxaraq iştirakçılarla Formula1-in gələcəyi ilə əlaqədar şəxsi fikirlərini bölüşüb. O, həmçinin bu avtoidmanın və onun çox sayda qlobal tərəfdaşının bir araya gələrək uzun müddət yaddaşlarda qalacaq ən yüksək səviyyəli çempionatı keçirməyə dair gələcək planlarından danışıb.
Bununla yanaşı Ç.Kerini müşayiət edən Formula1-in Təşkilatçılar və İşgüzar Əlaqələr üzrə baş direktoru Kloy Target-Adams da çıxış edərək belə irimiqyaslı idman yarışlarının keçirilməsinin faydalarını ən yüksək həddə çıxarmaq üçün yarış təşkilatçıları ilə daha səmərəli işlərin qurulması haqqında F1-in yeni rəhbərliyinin gördüyü işlər barədə ətraflı məlumat verib.
İkinci dəfə baş tutmuş beynəlxalq konfransdan sonra BŞH-nin icraçı direktoru Arif Rəhimov belə münasibət bildirib: “Çeyz Kerini Bakıda qarşılamaq və onun Formula1-in gələcəyinə dair etdiyi coşğulu çıxışını dinləmək bizim üçün böyük şərəfdir. Bu, Formula1-in yeni rəhbərliyinin çempionatın hamı üçün daha da yaxşılaşdırılması və həmçinin növbəti illərdə ev sahibi olan ölkələrdə bu avtoidmanın daha geniş şəkildə yayılması istiqamətində yarışın təşkilatçıları ilə birlikdə işləməyə böyük səy göstərməsininin açıq nümunəsidir. Bu gün, eyni zamanda, biz çox sayda nümayəndənin iştirakından məmnun qaldıq və başda çıxış edənlər olmaqla bütün iştirakçıların göstərdiyi maraq bu yeni tədbiri daha yüksək səviyyəyə qaldırdı. Bütün həmkarlarımızdan bir araya gələrək birlikdə uğurlara nail ola biləcəyimizi eşitmək bizi bir daha həm ruhlandırdı, həm də inamımızı artırdı. Keçirdiyimiz bu konfrans düzgün istiqamətdə atdığımız daha bir addım oldu və Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin bütün kollektivinin Azərbaycanda, Formula1-in ən sürətli şəhər trekində baş tutacaq növbəti F1 yarışlarının ölkəyə uzunmüddətli iqtisadi, sosial və mədəni faydalarının daha da artırılması istiqamətində göstərdiyi böyük səylərə əyani sübut oldu. Biz gələn il üçüncü dəfə konfrans keçirməyi indidən səbrsizliklə gözləyirik”.
Çeyz Keri konfransla bağlı belə danışıb: “İrimiqyaslı idman yarışlarının keçirilməsinin ölkəyə faydaları mövzusunda ikinci dəfə yüksək səviyyədə keçirilən konfransda çıxış etmək üçün Bakıya dəvət edilməyim mənim üçün böyük şərəfdir. Formula1-in gələcəyinə dair yeni baxışlarımızın mərkəzində duran əsas məsələlərdən biri Qran Pri yarışlarının təşkilatçıları ilə daha sıx işləmək və qarşılıqlı əməkdaşlıq imkanlarını daha da genişləndirməkdir. Bu gün bir daha aydın oldu ki, Formula1 yarışı ona ev sahibliyi edən şəhərə iqtisadi, sosial və mədəni baxımdan çox müsbət təsirlər göstərməkdədir. Biz bu möhtəşəm idmanın gücündən istifadə etməklə son iki il ərzində Bakının timsalında qazanılmış uğuru və inkişafı yarışın keçirildiyi hər bir yerdə təmin etmək üçün tərəfdaşlarımıza dəstək olmağa davam edəcəyik”.