F-1.az xəbər verir ki, günün ilk dopuna qələbə ilə başlayan mövsümün lideri Toyota-da Sebastyen Ojye 2-ci dopda təkərini partladıb. Maraqlıdır ki, 8 qat dünya çempionu ilə eyni yerdə sonuncu çempion Kalle Rovanperanın da Toyota-sında təkər partlayıb. Nəticədə hər iki sürücü geri düşüb.
Amma Sebastyen ruhdan düşməyib, ardıcıl 3 dopda da lider olmaqla artıq sonuncu dopa 5-ci yerə yüksəlib, amma yenə də təkəri partlayıb və fransalı sürücü yəqin ki, ümumi qələbə şansını əldən verib.
Cümə gününü lider qismində Hyundai-dən Tyerri Növill başa vurub. Belçikalı sürücü yalnız bir dopda liderlik edib, qalan dopları stabil keçib və problemlərdən yan ötüşüb. Komanda yoldaşı Kreyq Brinin şərəfinə İrlandiya bayrağının rənglərinə boyanmış Hyundai şənbə doplarını birinci başlayacaq.
Toyota-nın qələbə uğrunda mübarizəsini Elfin Evans aparmalı olub – britaniyalı sürücü günün sonunda liderlə fərqi 5.7 saniyəyə endirib. Çox güman ki, qələbə uğrunda bu ikilinin gərgin mübarizəsi davam edəcək.
Podiumun son pilləsi uğrunda Ford-dan Ott Tənak və Hyundai-dən Esapekka Lappi mübarizə aparırlar – sürücülər cəmi 3 saniyə ayırır.
Şənbə günü ralli 8 dopla davam edəcək…