Çempiondan mövsümdə ilk poul

Bu gün elektrikli maşınların Formula E dünya çempionatında mövsümün 6-cı yarışının sıralanma turu baş tutub.

F-1.az xəbər verir ki, San Paulunun küçələrində salınmış süni trasda sürücülər əvvəlcə iki qrupda mübarizə aparıblar. Hazırda turnir cədvəlindəki mövqelərə görə (tək yerlər bir qrupa, cüt yerlər digər qrupa) təşkil olunmuş qruplarda mübarizə gərgin alınıb.

A qrupunda ilk 4 yeri Stoffel Vandorn, Nik Kəssidi, Edoardo Mortara və Ceyk Hyuz tutublar. Çempionatın lideri Porsche-dən Paskal Verlyayn yalnız 9-cu ola bilib.

B qrupunda ilk 4 yeri Səm Börd, Maksimilian Günter, Antoniu Feliks da Koşta və Mitç Evans tutublar. Çempionatın veteranı Lukas di Qrassi (Mahindra) qəza üzündən sonuncu olub, mövsümün ilk yarışının qalibi Ceyk Dennis (Andretti) və daha bir veteran Sebastyen Buemi (Envision) isə mübarizəni dayandırmalı olublar.

Pley-off mərhələsində ilk qarşılaşmada Mortara Kəssidini (Envison) məğlub edib. Daha sonra Vandorn McLaren komandasından Hyuzu mübarizədən kənarlaşdırıb. Üçüncü cütün taleyi son metrlərdə həll olunub: da Koşta Maserati-ni tam heyətlə yarımfinala buraxmayıb – Günter məğlubiyyətlə barışmalı olub. Jaguar komandasının sürücülərinin mübarizəsində isə təcrübə qələbə çalıb – Evans növbəti mərhələyə keçib.

İlk yarımfinal duelində Vandorn Maserati-nin digər sürücüsü Mortaranı məğlub edərək mövsümdə ilk dəfə finala yüksəlib. Gərgin keçən digər dueldə isə da Koşta son metrlərdə cəmi 0.04 saniyə üstünlüklə Evansı finaldan məhrum edib.

Poul uğrunda final yarışı da Koştanın üstünlüyü ilə başlasa da, Stoffel Vandorn son sektorda vəziyyəti xeyrinə dəyişib və mövsümdə ilk poulunu qazanıb.

Bu gün Bakı vaxtı ilə saat 21:03-də San Pauluda mövsümün 6-cı yarışı baş tutacaq…

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*