Əlvida çempion: Niki Heyden (30.07.1981 – 22.05.2017)

Avtoidman dünyası daha bir itki ilə üzləşib - MotoGP üzrə 2006-cı ilin dünya çempionu Niki Heyden dünən İtaliyada komadan ayılmadan dünyasını dəyişib.

F-1.az xatırladır ki, bir həftə əvvəl Niki İtaliyanın Rimini şəhərində dostları ilə velosiped sürərkən yol ayrıcında Peugeot 206 CC markalı maşına çırpılmış və kəllə-beyin zədələnməsi ilə yerli hospitala çatdırılmışdı. Həkimlər sürücünün vəziyyətini ağır dəyərləndirərək onu süni komaya salmışdılar.

Avtoidman ictimaiyyəti hər gün Riminidən xoş xəbər gözləsə də, dünən günorta həkimlər sürücünün aldığı zədələrin həyat üçün ölümcül olduğunu əsas gətirərək sürücünün ayılmadan dünyasını dəyişdiyini bildiriblər.

Niki 2003-cü ildən 2015-ci ilədək Honda, Ducati və Aspar komandalarında çıxış etməklə Kentuki-kid ləqəbini qazanmış və MotoGP paddokunun ən sevimli sürücüsünə çevrilmişdi. Onun kovboylara xas manerasını həmkarları uzun müddət yaddan çıxarmayacaqlar.

Niki 1981-ci ildə Kentukidə anadan olmuşdu, onu uşaqlıqdan motosikletlər əhatə edirdi. Nikinin valideynləri motokross üzrə yarışlarda iştirak etdikləri üçün iki qardaşı və iki bacısı ilə daim ölkənin bütün traslarını gəzirdi.

 

Erl və Rouz Heydenlərin 5 uşağının hamısı – Tommi, Cenni, Rocer, Keytlin və Nikinin özü balaca vaxtlarından ikitəkərli texnikaya böyük maraq göstərirdilər, düzdür, qızlar böyüdükcə, bu maraq azalırdı.

 

Uşaqlıq vaxtının şəkillərindən görmək mümkündür ki, Niki hələ o vaxtlar özünə 69 nömrəsini seçmişdi – 2006-cı ildə məhz bu nömrə ilə Kentuki-kid premyer-sinifdə dünya çempionu titulunu qazanacaq…

 

Niki bu nömrəni öz atasından götürmüşdü. Atasının dediyinə görə, cavanlığında tez-tez qəzaya düşürmüş, 69 isə trasda hətta kəlləsi üstə olanda da düz oxunur…

 

Nikinin 3 yaşı olanda artıq mini-baykla özünün ilk həvəskar yarışında start almışdı…

 

Ailə komandası ailə başçısının şərəfinə Earl’s Racing Team adlanırdı…

 

16 yaşı tamam olan Niki peşəkar səviyyədə çıxış etməyə başlayır və AMA seriyasında debüt edir. Cəmi iki il sonra SuperSport sinfində dünya çempionu titulunu qazanaraq SuperBike sinfinə keçir və 2000-ci ildə bu seriyanın ən gənc dünya çempionu olur.

 

Növbəti iki mövsümdə də qazandığı qələbələr ona MotoGP-də Repsol Honda komandasına vəsiqə verir…

 

Onun komanda yoldaşı isə premyer-sinfin ikiqat dünya çempionu Valentino Rossi olur…

 

Yaponiyada ilk podiumunu qazanan Niki Avstraliyada da podiuma yüksəlir. 

 

Mövsümü 4-ci yerdə başa vuran Niki seriyanın ən yaxşı debütantı seçilir…

 

Növbəti mövsüm ilk qələbəsini gözləsə də, bu baş vermir…

 

İtaliyada məşq edərkən yıxılan Niki çiynindən zədə almaqla mövsümün bir hissəsini buraxmışdı, start aldığı 11 yarışda 6 dəfə finiş görə bilməmişdi…

 

Amma Braziliya və Almaniyada Honda-nı podiuma daşımışdı…

 

2005-ci il Niki üçün dönüş nöqtəsi oldu…

 

Doğma ABŞ Qran Prisində – Laquna-Seka trasında premyer-sinifdə ilk qələbəsini qazandı…

 

Almaniya, Qətər, Türkiyə, Avstraliya və Valensiyada da qazanılan podiumlar Nikiyə mövsümü 3-cü yerdə başa vurmağa imkan verdi. Həmin il ondan yalnız Marko Melandri və ardıcıl 5-ci titulunu qazanan Rossi (son iki ili artıq Yamaha-da yarışırdı) güclü oldular…

 

2006-cı il mövsümünə Niki stabil nəticələrlə başladı – 8-ci mərhələyədək cəmi bir dəfə ilk üçlüyə düşə bilmədi…

 

Mövsümün 7-ci yarışında – Hollandiya Qran Prisində Kentuki-kid karyerasının 2-ci qələbəsini qazandı…

 

Mövsümün 3-cü yarışından çempionata başçılıq edən Niki əsas rəqibi Rossiyə ciddi psixoloji pressinq yaşadırdı – italiyalı sürücünün beşillik hegemonluğuna son qoyan olacaqmı?

 

ABŞ Qran Prisində karyerasının 3-cü qələbəsini qazanan Niki hələ bilmirdi ki, Laquna Seka trasında karyerasının sonuncu qələbəsinə sevinir…

 

Mövsümün sondan əvvəlki yarışı Portuqaliyada uğursuzluq yaşandı: Dani Pedrosa Nikini yıxdı və Valentino 8 xal üstünlüyü ilə sonuncu yarışa çempionatın lideri kimi yollandı. Ardıcıl altıncı titul?

 

Amma Valensiyada hər şey tərsinə başladı…

 

Uğursuz startdan sonra mövqeyini geri qaytarmağa çalışan Valentino 5-ci dövrədə yıxıldı…

 

Yarışı 3-cü yerdə başa vuran Heyden əsas rəqibini 5 xal üstələməklə dünya çempionu oldu!

 

Finiş xəttini keçdikdən sonra dəbilqəsini çıxaran Niki uşaq kimi sevincindən göz yaşlarına sahib ola bilmədi…

 

Çempionluqdan sonra Niki MotoGP-də daha 9 il çıxış etdi. Əvvəlcə Ducati komandasına keçdi, sonra yenidən Honda-ya qayıtdı və 8 dəfə podiuma çıxa bildi. Bu illər ərzində ən yaxşı nəticəsi isə 2008-ci ildə iki dəfə ikinci yeri tutması oldu.

 

2016-ci ildən Niki yenidən WSBK seriyasına üz tutdu. Sonuncu dəfə mayın 14-də İmolada start aldı. 3 gün sonra isə Riminidə velosipedlə qəza yaşadı…

 

 

 

 

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*