Britaniya mətbuatı 2009-cu ilin dünya çempionu Censon Battonun atası – Con Battonun 70 yaşında dünyasını dəyişməsi xəbərini yayıblar. Con Batton ürək tutmasından vəfat edib. McLaren komandasının başçısı Martin Uitmarş komanda adından sürücünün ailəsinə başsağlığı verib…
Martin Uitmarş: “Conun dünyamızı tərk etməsi xəbəri məni çox sarsıtdı. Formula1-də uzunmüddətli karyeram ərzində mən bir çox sürücülərinə ataları ilə görüşmüşəm, amma düşünürəm ki, əminliklə deyə bilərəm ki, Con onlar arasından oğlunu ən çox sevən ata idi. Con oğlunu hələ uşaq vaxtlarından, kartinqlə məşğul olmağa başlayandan müşayiət edib, ona kömək edib, onu dəstəkləyib – Censonun növbəti yarışın startına çıxması üçün pul axtarıb.
Censon böyüdü, qələbələr qazanmağa başladı, amma Con əvvəlki kimi onun yanında idi, onun əsas azarkeşi və köməkçisi oldu. İllər keçdi, Censon dünya çempionu oldu, Formula1-in ən təcrübəli sürücüsünə çevrildi – Con isə yenə də oğlunun yanında idi və Censonun kiçik dəstək qrupunda daim seçilirdi.
Qarşıdakı mövsüm Censon üçün McLaren-in heyətində beşinci olacaq. Arxada qalan dörd ildə Con bütün Qran Prilərə qatılmışdı və McLaren ailəsinin əvəzolunmaz hissəsinə çevrilmişdi. Con sadəcə əla ata deyildi, o, çox gözəl insan idi. Əlbəttə, Censon çox darıxacaq, elə McLaren əməkdaşları da, Formula1 ictimaiyyəti də ondan ötrü darıxacaqlar.
Mən əminəm ki, McLaren-də hamı və Formula1-də hamı mənim başsağlığıma qoşulur və Censona, onun ailəsinə və dostlarına səbir diləyirik…”