Caucasus Motor Show-2018

Azərbaycan dünyada avtosənaye sahəsində ön yerlərdə olmasa da, kifayət qədər insanın avtomobillərə böyük marağı var. Sevindirici haldır ki, məhz bu marağı nəzərə alan şəxslər, qurumlar və onların gözəl təşəbbüsləri var. Elə bir neçə gün əvvəl baş tutmuş XV Qafqaz Motor Şou kimi.

Builki Qafqaz Motor Şou yenə paytaxtdan uzaqda – Qəbələdəki məşhur Qəbələnd İstirahət Mərkəzində təşkil olunmuşdu. İki il əvvəlki ilə eyni məkanda. Lakin sərgi ərazisinə ayaq basdığımız ilk andan etibarən bu dəfə hər şeyin çox fərqli olacağını hiss etdik. Avtojurnalistikanın ölkədəki əjdahası, eyni zamanda sərginin təşəbbüskarı Natiq Zərbəliyev hər şeyi çox yaxşı düşünmüşdü. Lakin bunlar barədə danışmağı saxlayıram yazının sonuna və keçirəm sərginin yaraşıqlarına – avtomobillərə.

 

Həm sərginin baş sponsoru, həm də öz ölkəmizə aid olduğu üçün başlayaq Azərmaş İstehsalat Birliyinin stendindən. Şirkət sərgidə öz istehsalı olan Xəzər və QAZ markalarının modellərini gətirmişdi. Ən maraqlı modelin isə Xəzər D5 olduğunu deyə bilərik. Bu model iki növ mühərriklə istehsal edilir – 115 və 150 at qüvvəsi hasil edən 1.7 litrlik mühərrik. Şirkət nümayəndəsinin də dediyi kimi, avtomobillər “sıfırdan” yığılır – yəni bütün detallar məhz elə Neftçalada yerləşən şirkətin özündə quraşdırılır. Bu, ölkədə avtomobil istehsalı üçün çox böyük addımdır və davamını arzulayırıq.

 

Sərgi ərazisinə daxil olanda bizi “qarşılayan” yenə də Bentley Bentayga oldu. Bu dəfəki yaraşıqlı nəhəngin kapotu altında 550 at qüvvəsi hasil edən V8 mühərrik yatır. O mühərrik oyandıqda 100 km/saat sürətə 4.5 saniyə ərzində çatmağa, maksimal 290 km/saat sürət yığmağa qadirdir.

 

Ən maraqlı stendlərdən biri heç şübhəsiz, Hyundai şirkətinə məxsus idi. Tamamilə yenilənmiş modelləri ilk baxışda tanımaq çox çətindir. Veloster modelinin öndən görünüşündə çox dəyişiklik olmasa da, Grandeur və Santa Fe modellərini yenidən yaradıblar. Ümumiyyətlə, koreyalılar artıq illərdir ki, inkişaf sürətinə görə liderdirlər. Bunu həm KİA, həm də Hyundai üçün demək olar. Söhbət təkcə eksteryerdən, dizayndan getmir. Keyfiyyətin yüksəldilməsi sahəsində də doğru yoldadırlar. Grandeur markanın şah əsəri olmaqda davam edir. Santa Fe isə yeni görkəmi ilə diqqəti çox cəlb edir.

Lakin stendin, hətta sərginin ən maraqlı eksponatı yuxarıda şəklini gördüyünüz Hyundai İoniq idi. Tamamilə elektrokar olan bu maşını bir başqa güclü avtojurnalist həmkarımız Ruslan Musayev şirkətin əməkdaşları ilə Bakıdan Qəbələyə qədər sürərək test ediblər. Maşının elektrik batareyası 200 km-dən çox məsafə (tam qənaətlə və bütün imkanlarından düzgün istifadə edilsə, maksimum 280 km) qət etməyə imkan verir. Lakin sevindirici hal odur ki, rekuperasiya sistemi var və əldə edilən enerjini elektrik enerjisinə çevirərək batareyanı doldurur. Bu sistemi sükanın arxasındakı qollar vasitəsi ilə tənzimləmək olur. Maşının qiyməti 60 min manatdan bahadır. Şirkət hazırda satış üçün nəzərdə tutmadıqlarını bildirir, lakin tezliklə elektrokarların yollarda şütüyəcəyini görəcəyimizə də şübhə yoxdur.

Əsas məsələ – maşını “zaryadkaya taxmaq” üçün xüsusi yerlər çox azdır, olanlar paytaxtdadır və əyalətlərdə bunun üçün xüsusi yerlər demək olar ki, yoxdur. Lakin bu, problem deyil. Daha çox vaxt alsa da, istənilən yerdə maşının 28 kilovatlıq batareyasını doldurmaq mümkündür.

 

Hyunai-dan bəhs etdiksə, mütləq surətdə KİA-ya da toxunmalıyıq. Şirkət 3 modellə sərgidə təmsil olunurdu, lakin ən əsas diqqət yeni Stinger modelinə oldu. Stinger yeni model olsa da, artıq bir çox mükafatın sahibidir. 3.3 litrlik mühərriyi 370 at qüvvəsi hasil edir və maşın 100 km/saat sürət həddinə çatmaq üçün cəmi 4.9 saniyəyə ehtiyac duyur. Maşının həm texniki göstəricilərinə, həm xarici görünüşünə, həm də daxili dizaynına heç bir söz tapa bilmirik və öz versiyamıza görə onu sərginin ən yaxşısı hesab edirik.

 

İki maşınla sərgidə iştirak edən Chevrolet-də əsas diqqət 2016-cı ildə yenilənən Malibu-ya oldu. Chevrolet-in ölkədəki rəsmi distributoru Performance Center şirkəti bu maşını 2 müxtəlif mühərriklə təqdim edir:  2.5 litrlik atmosfer və 2.0 litrlik turbo.

Əsas rəqibləri sərgidə iştirak etməsə də, BMW öz stendini elə sərginin girişində qurmuşdu. Şirkət təkcə özünün iki modeli ilə yox, həm də Mini markasının modelləri ilə sərgidə zövqləri oxşayırdı.

 

Digər maraqlı eksponatlar isə Çinin GAC şirkətinə məxsus idi. GA8 modeli başda olmaqla, bu cərgədəki avtomobillər insanda simpatiya oyatmağa qadirdirlər. Artıq Çin məhsullarına insanlarda olan şübhə, inamsızlıq getdikcə azalır. Bu yolda şəkildə gördüyümüz modellərin də xüsusi rol oynayacağını əminliklə demək olar. Bu avtomobili idarə etmək üçün əyləşən insan qarşısında ona hər cür imkanı yaradan zəngin cihazlar paneli ilə qarşılaşır. Demək olar ki, bütün maşınların böyük ölçülərdə olması da sərnişinlərə səyahət zamanı rahatlıq yaradır. Qiymətin münasibliyi də tezliklə bu yaraşıqlı maşınların yollarda artacağını deməyimizə əsas verir.

Qayıdaq sərginin təşkilinə. Hər şey möhtəşəm idi deyək və keçək detallara. Sərginin aparıcılığını Natiq müəllimlə yanaşı Ayna xanım əsl peşəkarlıqla həyata keçirdi. İlk dəqiqələrdən təşkil olunan müsabiqələr isə yaşından asılı olmayaraq, hamının marağına səbəb oldu. Formula1-dən avtomobil tarixinə qədər bir çox sual səsləndirildi və sevindirici haldır ki, bütün suallar öz cavabını tapdı. Sərgidə xüsusi seçilən şirkətlərdən biri də son dövrlərdə sığorta bazarında xüsusi yer tutan, yenilikləri ilə hamının rəğbətini qazanan Kasko Butik oldu. Məhz onların təşkil etdiyi müsabiqə və verdikləri hədiyyələr də sərgiyə rəng qatdı. Dervish Band musiqi qrupunu da xüsusi qeyd etməyə dəyər.

 

Sərginin ikinci günündə bir çox nominasiya üzrə qaliblər elan edildi və onlara Azərbaycan Avtomobil Dilerləri Assosiasiyasının (AADA) təsis etdiyi olduqca gözəl “Qızıl Çarx” mükafatı verildi. Sevindirici haldır ki, mükafata layiq görülənlər arasında saytımızın təsisçisi və baş redaktoru da oldu – Rəhim Əliyev ilin avtoidman jurnalisti seçildi. Bütün nominasiyaları və qalibləri təqdim edirik:

 

Nominasiya Qalib
İlin debütü Azərmaş ASC
İlin idman kupesi Bentley Continental GT
İlin Qran Turizmo Hetçbeki BMW 6-cı seriyanın GT modeli
İlin SUV avtomobili Hyundai Santa Fe
İlin idman sedanı KİA Stinger
İlin biznes sedanı GAC GA8
İlin sedanı Chevrolet Malibu
İlin avtoservisi ASM Bridgestone mərkəzi
İlin marketinq xidməti Lubristar LLC
İlin tüninq atelyesi Qaraj Vintaj
İlin təklifi Kasko Butik
İlin avtoidman jurnalisti Rəhim Əliyev

 

Yuxarıda bizim fikrimizcə sərginin ən yaxşısının KİA Stinger olduğunu qeyd etdik. Təbii ki, maşınlar arasında. Amma sərginin ən yaxşısı, baş qəhrəmanı şübhəsiz ki, məhz Natiq Zərbəliyev idi. Hər bir şey yaxşı düşünülmüşdü və hər şeyə rəğmən yaxşı alındı. Natiq müəllimə sərgiyə dəvət üçün təşəkkür edir, belə sərgilərdən saysız-hesabsız təşkil edə bilməsini arzulayırıq.

, , , , , , , , , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*