Caspian Motor Show – 2019

Hər il ənənəvi olaraq təşkil edilən Caspian Motor Show keçənilkindən fərqli olaraq, paytaxtda avtomobilsevərlərin yolunu gözləyib. Bir il əvvəl Qəbələnddə istirahət edə-edə sərgini izləyə bilmişdik, builki məkan isə paytaxtın ən məşhur pub-larından olan Paulaner Bräuhaus Baku olub.

F-1.az olaraq bu dəfə də sərginin qonaqları arasında idik. Sərginin keçirildiyi məkana daxil olduğumuz anda bizi yerli istehsal olan Xəzər maşını qarşıladı. Ondan arxada isə son vaxtlar küçələrimizdə tez-tez görməyə başladığımız yeni Lada modelləri.

                                                                                            Cadillac Escalade

Bu dəfəki sərgidə keçən il olmayan bəzi marka və modellərlə də qarşılaşdıq. Bunlardan biri də Cadillac Escalade oldu. Şəhərimizin sakinlərinin nəhəng maşınları xoşladığını nəzərə alsaq, amerikalı maşın özünə xeyli müştəri tapa bilər.  Onunla yanaşı dayanan və ondan bir qədər balaca olan Chevrolet Traverse üçün də eyni şeyləri demək olar.

Toyota Rav4 modelinə elə bir il yoxdur ki, nəsə yenilik gətirməsin. Bununla yanaşı, yaponların stendində bir çoxlarının sevimlisi Camry modeli də var idi.

                                                                                            Hyundai İoniq

Hyundai-a da yer elə Toyota-nın yanında verilmişdi. Keçənilki sərginin şübhəsiz ən maraq cəlb edən maşını olan İoniq bu il də sərgi iştirakçıları ilə görüşə gətirilmişdi, lakin bu dəfə tam elektrik yox, hibrid versiyası. Radiator barmaqlıqlarını gördüyümüz anda bu dəfə maşının “zaryadka yığmasına” şahidlik edə bilməyəcəyimi anladıq. Koreyalıların stendində yeni nəhəng Palisade və Genesis G70 modelləri də var idi.

                                                                                                 AUDİ Q8

Bu dəfə almanları AUDİ təmsil edirdi. Yenilənmiş və ən çox satılan modellərindən biri olan A6 ilə yanaşı, bir müddət əvvəl təqdim edilmiş Q8 modeli sərgiyə gözəllik qatırdı.

Sərginin ən bahalı modeli isə Rolls Royce Wraith idi – nə az, nə çox, düz 660 000 manat!

KİA keçən il Stinger modeli ilə diqqət çəkmişdisə də, bu dəfə yeni K900 (Quoris) avtomobilinin qiyməti ilə özündən bəhs etdirdi. 3.8 litrlik 315 at qüvvəsi hasil edən mühərrikə sahib bayraqdar model 155000 manata alıcılara təklif edilir. Onunla yanaşı, gözəlliyi ilə diqqət çəkən Sportage və keçən ildən bəri çox da yenilənməyən Sorento da stenddə dayanmışdı.

                                                                                               KİA K900

Qiyməti ilə diqqəti cəlb edən digər model isə Renault Arkana oldu. Paytaxtımızda bugünlərdə təqdimatı gözlənilən modelin tam komplektasiyalı versiyasının təxmini qiyməti 47000 manatdır.

Onunla yanaşı dayanan Nissan Altima və İnfiniti Q50 də bu iki modeldən birini seçmək istəyənləri çətin vəziyyətdə qoyurdu.

Natiq Zərbəliyevin həmişəki kimi, bu dəfə də sərginin təşkilatçılığının öhdəsindən çox yaxşı gəldiyini deyə bilərik. Yekunda Azərbaycan Avtomobil Dilerləri Assosiasiyasının (AADA) təsis etdiyi olduqca gözəl “Qızıl Çarx” mükafatı da öz sahiblərinə verildi. Həmişə olduğu kimi, sərginin “musiqi işinə” bu dəfə də Dervish Band qrupu baxırdı. Keçən həftəsonunda sərgiyə gəlmək üçün bir neçə saatını sərf etməyən avtomobil həvəskarlarının çox şey itirdiyini deyə bilərik…

 

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*