F-1.az xəbər verir ki, həyat tərzi ilə demək olar ki, bütün pilotlardan fərqlənən Həmilton qınaq obyekti olmaqdan qurtula bilmir. Bir müddət əvvəl Yeni Zelandiyada velosiped sürərkən selfie çəkən Lyuis sabiq Formula1 çempionu həmyerlisi Ceki Styuart tərəfindən tənqid olunmuşdu: “Belə məsuliyyətsiz hərəkətlərinə görə üzr istəməlidir. Məşhur insanlar hər kəsə örnək olacaq şəkildə yaşamalıdırlar…”
Mercedes AMG komandasının sponsorlarının da Həmiltonun geyimlərindən və qatıldığı tədbirlərdən narazı olduğu bildirilir.
Son narazılıq isə Formula1-in yarış direktoru Çarli Uaytinqdən gəlib: “Pilotlara necə söz haqqı verməli olduğumuzu bilmirəm. Biz yarışlarla, qaydalarla əlaqəli çox yığıncaqlar, iclaslar təşkil edirik və bütün pilotları dəvət edirik. Barselonada da belə bir yığıncaq təşkil etdik. Lyuisi də dəvət etdik, amma o, gəlmədi. Demək istədiyim odur ki, biz sürücülərə kifayət qədər fikir bildirmək imkanı veririk…”