F-1.az xatırladır ki, İspaniya Qran Prisində startda Niko Rosberqə keçilən Lyuis Həmilton onun bir qədər yavaşlamasından istifadə edərək hücuma keçmək istəmiş, lakin idarəetməni itirərək həm özü yarışxarici qalmış, həm də komanda yoldaşının mübarizəni dayandırmasına səbəb olmuşdu.
Bu insident barədə bir çoxları danışıb və hər kəs fərqli fikir bildirir. Onların sırasına 1969, 1971 və 1973-cü illərin Formula1 üzrə dünya çempionu Ceki Styuart da qoşulub.
Ceki Styuart: “Günahlandırılmalı olan Həmiltondur. Belə təcrübəli bir sürücünün ilk dövrədə belə qəza törətməsi qəbul edilə bilməz. Böyük pilotların heç biri bunu etməyib. Xuan Manuel Fanxio, Stirlinq Moss ya da Cim Klarkın bunu etdiyini görməmişik.
Böyük pilotların ən böyük xüsusiyyətlərindən biri də yarışı başları, ağılları ilə idarə etmələridir. Mən vücudumdakı bütün duyğularımı beynimə ötürməyi öyrənmişəm. Ona görə də bütün qələbələrimi ilk 5 dövrədə qazanırdım”.
Styuart Həmiltonun bu hadisədən lazımi dərs aldığına ümid edir: “Ümid edirəm ki, dərsini alıb. O, bir anlıq hərəkət etdi. Bunu bir daha düşünsəydi, o hərəkəti etməzdi. İspaniyada olanları düşünməyə və komandasını hansı vəziyyətdə qoyduğunu başa düşmək məcburiyyətindədir. Bu hadisə Mercedes AMG-nin hər iki sürücüsünə zərər vurdu – onlar 1-ci və 2-ci ola bilərdilər.
Cavabdeh olduğu məsələlər barədə yenidən düşünməlidir. Bu, bütün qabaqcıl sürücülərə aiddir. Məsələn, Fettel belə hərəkət etməzdi. Alonso da etməzdi, Rosberq də…”