F-1.az xatırladır ki, Zandfortdakı sıralanma turu qarışıq və dəyişkən şəraitdə keçib. Sürücülər sessiyaya keçid təkərlərində başlayıb, Soft təkərlərdə bitiriblər. Təbii ki, belə şəraitə adaptasiya olmaq sürücülər üçün elə də asan olmayıb. Belə şəraitdə Mercedes üürücüləri təkəri qızdırmaqda çətinlik çəkirlər. Bu hal bazar günü yarış tempində təkər ömrünü uzatsa da, sıralanma turunda bir problemdir.
Buna baxmayaraq, Corc Rassell sıralanma turunda üçüncü ola bilib: “Yaxşı sessiya idi. Üçüncü olduğum üçün sevincliyəm. Sıralanma turu mövsümün əvvəlində güclü tərəflərimdən biri idi. Son vaxtlar isə şənbə günü işlərim yaxşı getmirdi. Buna görə də dördhəftəlik istirahət yaxşı oldu. Tətildən özümü yeniləyərək qayıtdım. Sabah podium üçün mübarizə apara bilərik.
Düzünü desəm, son dövrəm pis deyildi. Biz adətən tras yaş olanda ya da yaşdan quruya keçəndə çətinlik çəkirik, çünki təkərləri qızdırmaq çətin olur. Lakin şənbə günü bizi geriyə salan bu problemi bazar günü lehimizə çevirə bilirik. Bizi həyəcanlı yarış gözləyir. Əminəm ki, Maks həmişəki kimi bazar günü güclü olacaq. Öz ölkəsində yarışı qazanıb, tribunalara əl sallayacaq. Ümid edirəm ki, biz də ikinci yer uğrunda mübarizə apara bilərik”.