F-1.az xatırladır ki, britaniyalı sürücü son 4 sıralanma turunda 3-cü dəfə ikinci sessiyaya qalaraq, yarışa 15-ci yerdən başlamış və startda 11-ci yerə yüksəlmişdi.
Amma Palmerin təkərləri tez yeyildiyi üçün 3 pit-stoplu strategiya seçmiş və yarışın sonunda Karlos Saynsla mübarizə apararkən təmas yaşamışdı.
Colion Palmer: “Çox yaxşı start aldım və 11-ci yerə qədər yüksəldim. Hətta yarışın əvvəlində Williams ilə tempim eyni idi, amma təkərlər tez yeyildiyi üçün geriyə düşdüm. Ümumi olaraq, sürətimiz yaxşı idi, amma təkərlər istədiyimiz kimi işləmədi. Buna görə də strategiyamızı dəyişdirərək, 3 pit-stop etdik.
Qəzadan əvvəl Saynsı keçməyə çalışırdım. 17-ci döngədə tez əyləndi və mən dayana bilməyib ona çırpıldım. Təkərlərim də asfaltı tuta bilmirdi və buna görə də qəzanın qarşısını ala bilmədim”.