F-1.az xatırladır ki, Palmer mövsümün ilk iki yarışı Avstraliya və Çində xal qazana bilməyib. Amma britaniyalı sürücü 3 il əvvəl GP2-də qalib gəldiyi Bəhreynə böyük motivasiya ilə gəlib: “Trası çox bəyənirəm. Burada keçmişdə qalib gəlmişəm və buna görə də bərbad keçən iki yarışdan sonra Saxir trası mənə güc verir.
Təmiz bir həftəsonuna ehtiyacımız var. Üç ədəd sərbəst yürüş olsa da, yarışın axşam başlaması bizə məlumat toplamaqda çətinlik yaradır. Buna görə də sürücülər qumla və küləklə mübarizə aparmaqla yanaşı sərin havada da çox işləməlidirlər. Bu işlər ötmə etməkdə çox kömək edəcək.
Tras qumlu olduğu üçün böyük dəyişikliklər ola bilər. Həftəsonu ərzində trasdakı kauçuk qatı artır. Hava da bəzən küləkli, bəzən də günəşli olur. Buna görə də trasda qum dənəcikləri çoxalır. Ümumilikdə isə gecə yarışları cəlbedicidir. Trasda düzlük çoxdur. Buna görə də ötmələr artır. Gözəl yarış olacaq. Quru havada şansımız daha yüksəkdir. Bundan istifadə etməliyik”.