F-1.az bildirir ki, Herbert bu günlərdə Downforce Radio kanalının qonağı olub və efirdən maraqlı təkliflərlə çıxış edib…
Conni Herbert: “Son illər sürücülərdən çox eşidirəm ki, xüsusilə də gənc sürücülər cümə günü trasda işləmək istəmirlər. Onlar hesab edirlər ki, cümə günü “sadəcə mühəndislər üçün məlumat toplama günüdür və biz bundan ləzzət almırıq”. Amma 20 il əvvəl mən çempionatda çıxış edəndə biz hər gün trasa çıxıb saatlarla işləmək istəyirdik, hələ demirəm ki, o zamanlar biz testlərdə də məhdudiyyətsiz işləyirdik.
Bəs onda həftəsonu formatını həm azarkeşlər, həm də sürücülər üçün necə maraqlı etmək olar? Mən təklif edirəm ki, cümə günü cəmi bir dənə saatyarımlıq sərbəst yürüş olsun. Ondan bir qədər sonra isə yarımsaatlıq 1-ci sıralanma turu keçirək. Şənbə günü sürücülər yarım saat məşq etdikdən sonra birsaatlıq yarışın startına çıxırlar. Bu yarışın nəticəsinə görə sürücülərə xal verilmir, amma xallar Mühəndislər Kubokuna toplanır. Yarışın nəticəsinə görə bazar günü sürücülər startda düzülürlər və artıq tam yarış keçirilir. Şənbə günü tam komanda yarışını görə bilərik.
Bazar günü sürücülərə hansısa taktiki sxem də təklif oluna bilər, amma trasda hər şeyi özləri həll etməlidirlər. Qoy hər şey qladiator döyüşlərində olduğu kimi olsun, necə ki, Senna və Prostun mübarizə zamanlarında idi.
Sürücü özü qərar qəbul edərkən, ümumi vəziyyət rəngarəng olacaq. Onlar dünyanın ən güclü sürücüləridir, baxaq görək necə mübarizə aparacaqlar, onlara bu imkanı vermək lazımdır”.
Herbert həm də yanacaqdoldurmaların qaytarılması məsələsinə də münasibət bildirib: baxmayaraq ki, bu praktika 6 il əvvəl ləğv edilmişdi, Formula1-in Strateji Qrupu sabah bu məsələni yendən müzakirə etməyə hazırlaşır.
Conni Herbert: “Yanacaqdoldurmanın qaytarılması axmaq fikirdir. Mən bu məsələdə Deymin Hill və Martin Brandlla həmrəyəm: biz hesab edirik ki, bu təklif idmana zərər verəcək. Hamı bilir ki, 2008-ci ildə Felipe Massa çempion titulunu məhz yanacaqdoldurmaya görə itirdi – Sinqapur Qran Prisində pit-stop zamanı yanacaqdoldurma şlanqı onun maşınında ilişib qalmasaydı, indi hamı Massanı çempion kimi tanıyırdı. Bu misal yanacaqdoldurmanı qaytarmaq istəyənlərə qarşı yaxşı misaldır. Bu məsələni Strateji Qrupun müzakirəsinə çıxarmağın özü də axmaqlıqdır.
Novçalı təkərlər də axmaq fikir idi və mən şadam ki, biz yenidən sliklərə qayıtdıq. Bizə bu cür axmaq qərarlar lazım deyil. Bu cür qərarları qəbul edənlər Formula1-in gələcəyini düşünməlidirlər, onun inkişaf istiqamətini müəyyənləşdirməlidirlər.
Yaxşı yadımdadır ki, 1991-ci ildə Barselonada Senna və Mənsell necə təkər-təkərə mübarizə aparırdılar. Əvvəllər belə mübarizələr çox idi, amma mən təsəvvür edirəm ki, indi bu cür mübarizə olsaydı, necə səs-küy qalxardı! İdmana rəhbərlik edən insanlar gileylənərdilər ki, bu çox qorxulu və təhlükəlidir. Amma azarkeşlər məhz belə mübarizə görmək istəyirlər, elə mən də bunu istəyirəm. Bütün bunlar qayıda bilər, sadəcə biz düzgün istiqamətdə qaydalara dəyişiklik etməliyik – ümid edirəm ki, sonda elə belə də olacaq.”