F-1.az xatırladır ki, Ferrari-nin mövsümdə gözlənilən nəticələri əldə edə bilməməsi bir çox söz-söhbətə səbəb olmuş, texniki direktor Ceyms Əllisonun da komandadan ayrılacağı bildirilmişdi. Bir tərəfdən də, Avstraliya Qran Prisi ərəfəsində həyat yoldaşı vəfat edən Əllisonun uşaqlarına daha çox vaxt ayıra bilmək üçün İngiltərəyə qayıtmaq istədiyi deyilirdi. Lakin bu məlumatlar komanda tərəfindən təkzib edilirdi.
Lakin bu gün Ferrari komandası tərəfindən verilən rəsmi açıqlamada 2017-ci ilin sonuna qədər müqaviləsi olan Ceyms Əllisonun komandadan ayrıldığı bildirilib. Bu qərar tərəflərin qarşılıqlı razılaşması ilə verilib.
Mauritsio Arrivabene: “Bizimlə olduğu müddət ərzində Ceymsə özünü komandaya həsr etməsinə və göstərdiyi fədakarlıqlara görə təşəkkür, həyatında uğurlar arzu edirik”.
Ceyms Əllison: “Ferrari ilə keçirdiyim illərdə iki fərqli dövrdə fərqli vəzifələrdə oldum. Komandanı və insanları tanıdım. Bu komandanın bir parçaşı olan hər bir insanın dəyərini bilmək fürsəti əldə etdim. Birlikdə gördüyümüz bütün işlərə və paylaşdığımız hər şeyə görə onların hamısına təşəkkür, xoşbəxt gələcək arzu edirəm”.
Bir daha xatırladaq ki, yazda həyat yoldaşını itirən Əllison uşaqlarının yanında daha çox olmaq istədiyini bir neçə dəfə bildirmişdi. İstedadı ilə bir çox komandaya qoşula biləcək Ceymsin Ferrari-dən əvvəl uzun müddət işlədiyi Renault-ya qayıdacağı gözlənilir.
Əlllisonun vəzifəsi Mattia Binottoya həvalə ediləcək. Binotto Ferrari-yə 1995-ci ildə gəlib və əsas vəzifəsi test briqadasının mühəndisi olub. 1997-ci ildən 2003-cü ilə qədər komandada yarış mühəndisi olub. Qısa müddət başmühəndis kimi çalışdıqdan sonra 2009-cu ildə motor və KERS departamentinin rəhbəri olub. Bu vəzifəni də bir neçə il icra etdikdən sonra 2015-ci ildə güc qurğusu qrupunun əməliyyat direktoru olub.