Builki maşınlar iki saniyə sürətləniblər

Avstraliya Qran Prisinin sıralanma turunda Lyuis Həmilton poul qazanmaq üçün 1:23.837 zaman nəticəsi göstərmişdi - bu nəticə Lyuisin keçənilki nəticəsindən 2.5 saniyə sürətli idi (1:26.327). Amma bu gözəl nəticə yeni sıralanma turu formatı ətrafında müzakirələrin kölgəsində qaldı...

Lakin bu nəticəyə baxdıqda Formula1-də maşınların necə yüksək templə inkişaf etdiyini görmək mümkündür. Lyuis Sebastyan Fettelin Albert Parkda 2011-ci ildə göstərdiyi rekord nəticəyə (1:23.529) çox az uduzsa da, Mixael Şumaxerin 2004-cü ildə göstərdiyi nəticəni yarım saniyə qabaqlamışdı – məhz bu illərin maşınları Formula1 tarixində ən sürətli maşınlar hesab olunurlar.

Lyuis Həmilton: “Mənim yarış mühəndisim mənə dedi ki, biz köhnə zamanların nəticələrinə çox yaxınıq, amma mən başa düşmürdüm ki, biz həqiqətən bu qədər sürətliyik. Mən çox təəccübləndim, amma bu yaxşı əlamətdir, əla xəbərdir. Keçən illə müqayisədə maşın bütün sahələrdə yaxşılaşıb. Keçən mövsüm bizim üçün əla keçdi, indi isə biz səviyyəmizi daha yüksəyə qaldırmışıq…”

Düzdür, sürətlərin belə artmasına Pirelli-nin Melburna SuperSoft tərkibini gətirməsi də təsir edib, amma bu tərkibin Soft tərkibi ilə fərqi elə də çox deyil, ona görə də qətiyyətlə demək olar ki, builki maşınlar keçənilki maşınlardan iki saniyə sürətlidirlər.

F-1.az bildirir ki, bu fərqin böyüklüyü çempionatın gələn il üçün qarşıya qoyduğu məqsədi şübhəyə salır – 2017-ci ildə maşınların 4-5 saniyə sürətlənməsi üçün reqlamentdə ciddi dəyişikliklər gözlənilir. Bu məqsədlə daha enli təkərlərin tətbiqi də gözlənilir. Amma əgər bir ilə 2.5 saniyə sadəcə tərəqqi hesabına sürətlənmək mümkündürsə, onda iki ilə eyni inkişaf tempi ilə 5 saniyə sürətlənmək mümkündürmü?

Niko Rosberq: “Biz çox ciddi inkişaf etmişik. Əgər gələn il üçün məqsəd 5 saniyə sürətlənmək idisə, onda biz bu yolun yarısını artıq qət etmişik. Əla nəticədir. Biz SuperSoft təkərlərin rolunu dəqiq bilmirik, amma sürətli olmaq həmişə yaxşıdır…”

Yarış zamanı göstərilən nəticələr keçmiş illərin nəticələrinə hələ çox uduzur. Albert Parkın yarış rekordu 2004-cü ildə Mixael Şumaxer tərəfindən göstərilib – 1:24.125. Keçən bazar günü Daniel Rikkardo bu nəticəyə təxminən 5 saniyə uduzmuşdu – 1:28.997.

Amma bunun çox sadə izahı var – 10 il bundan əvvəl yarışın gedişində yanacaqdoldurmalar icazəli idi, ona görə də maşınlar sıralanma turu rejiminə çox yaxın olurdular. Keçən illə müqayisəyə gəldikdə isə, 2015-ci ilin ən yaxşı nəticəsinin (1:30.945) builki nəticəyə yenə də iki saniyə uduzdğunu görürürk…

, , , , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*