F-1.az quruma istinadən xəbər verir ki, yarışlar üçün nəzərdə tutulan biletlərin qiyməti yerli azərkeşlərə birgünlük ayaqüstü zonada 90-160 manat, üçgünlük tribuna biletləri 280-970 manat, uşaqlar üçün (16 yaşadək) isə 190-690 manat aralığında dəyişir. Bundan əlavə, hər il olduğu kimi, bu il Paddok klub və xüsusi korporativ yerlər üçün bilet satışı da nəzərdə tutulub.
Qeyd edək ki, 2020-ci ildə COViD-19 səbəbilə təxirə salınmış Azərbaycan Qran Prisi üçün alınmış biletlər builki Qran Pri üçün keçərli olacaq.
Builki yarışların formatında qlobal pandemiya fonunda tamaşaçıların təhlükəsizliyini maksimum dərəcədə təmin etmək məqsədilə konsert proqramı nəzərdə tutulmayıb. Lakin ötən illərdə olduğu kimi, bu il də tamaşaçılar üçün müxtəlif əyləncə proqramları təşkil olunacaq.
Tamaşaçılardan yarış vaxtı ölkədəki COViD-19 təhlükəsizlik qaydalarına əməl etmələri tələb olunacaq.
BŞH-nin icraçı direktoru Arif Rəhimov unudulmaz yarış həyəcanını yenidən yaşamaq istəyən hər kəsi bilet almağa dəvət edib.
Arif Rəhimov: “Bakıda altıncı dəfə baş tutacaq Formula1 yarışına biletlərin satışa çıxarıldığını elan etməyə şadıq. Ötən il tamaşaçısız keçirilməsinə baxmayaraq, gərgin mübarizə və gözlənilməz nəticə ilə yekunlaşan yarışı böyük auditoriya kütləsi izləmişdi. Bu il baş tutacaq yarışın daha da maraqlı olacağına əminik. Bu il konsert proqramı nəzərdə tutulmasa da, çalışacağıq ki, bu möhtəşəm yarışı Bakıda canlı izləmək istəyən hər kəs üçün fərqli əyləncə imkanları təqdim edək. Bütün Formula1 azərkeşlərini tezliklə satışa çıxarılacaq biletləri əldə etməyə çağırırıq”.