Britaniyada bizi nələr gözləyir?

Mövsümün artıq 10-cu yarışı bu həftəsonu Britaniyada baş tutacaq. Bu tras həmişə sürprizlərə açıq olub.

Britaniya yarışının başqa ab-havası var. Ümumilikdə Formula1-in britaniyalılar üçün ayrı yeri var. Bir kəndli üçün tarlası nə əhəmiyyət kəsb edirsə, Formula1 də britaniyalı üçün eyni əhəmiyyəti kəsb edir. Bunun da əsas səbəbkərindən biri peletondakı 10 komandanın 7-sinin bazasının burada olmasıdır. Həm də Formula1 tarixinin ilk yarışı da 13 may 1950-ci ildə məhz Britaniyada keçirilib. Bundan başqa peletonda 3 Britaniya komandası – McLaren, Williams və Aston Martin – var.

Yerli komandalar demiş, həm McLaren, həm də Williams komandaları buraya xüsusi rəng çaları ilə gəliblər. McLaren komandası şirkətin quruluşunun 60-cı ildönümü üçün, Williams komandası isə 800-cü yarışın şərəfinə burada fərqli rənglərdə yarışacaqlar.

Həftəsonunun ən böyük sualı isə Red Bull-un qələbə seriyasını davam etdirib etdirməyəcəyidir. Qırmızı öküzlər bu il ilk 9 yarışı qazanıblar. Keçən ilin Əbu Dabi yarışını hesablasaq, onların ardıcıl 10 qələbələri var. Rekord isə burada 60-cı ildönümünü qeyd edən McLaren komandasındadır. Onlar 1989-cu ildə əfsanəvi iki sürücü – Ayrton Senna və Alen Prostla mövsümün ilk 11 yarışında qələbə qazanmışdılar.

Yəni ki, Red Bull komandası burada qalib gələrək, bu rekordu təkrarlaya bilər. Lakin Avstriya təmsilçisi Britaniya Qran Prisindəki son qələbəsini 2012-ci ildə Mark Vebberlə qazanıb. Düzdür, Maks Ferstappen 2020-ci ildə silverstoun trasında qələbə qazanmışdı, amma o zaman pandemiyaya görə bu trasda iki yarış keçirilmiş və birinin adı Britaniya, digərinin adı isə Yubiley Qran Prisi olmuşdu. Buna görə də Red Bull komandasını əsl psixoloji sınaq gözləyir.

Max Verstappen

Həftəsonunun digər maraqlı komandası isə Ferrari-dir. “Qırmızılar” son iki yarışda çox yaxşı çıxış ediblər. Lakin Silverstoun trası həm Monrealdan, həm də Red Bull Rinqdən fərqlənir. Bura daha küləkli və daha aerodinamik bir trasdır.

Ancaq Ferrari-nin son illərdə bu trasdakı üstün performansını nəzərə alsaq, onların Red Bull-a əsl başağrısı olacağını düşünə bilərik. 2021-ci ildə Lekler burada qazanmağa yaxın idi, 2022-ci ildə isə Karlos Sayns burada karyerasının ilk poulunu və qələbəsini əldə etmişdi.

Həftəsonunun digər sürprizini isə Lyuis Həmilton edə bilər. Yeddiqat Dünya Çempionu Silverstounda həmişə çox güclü olub. Keçən il də onu qələbədən təhlükəsizlik maşını ayırmışdı. 38 yaşlı sürücü burada boş yerə səkkiz qələbə qazanmayıb. Hətta, 2020-ci ildə o, yarışı üç təkərlə qazanmışdı.

Uzun sözün qısası bizi tarixi Silverstoun trasında maraqlı yarış gözləyir

 

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*