Britaniya-2016: Yarış

Demək olar ki, hər il Britaniya Qran Prisində günlərdən biri mütləq yağışlı olmalıdır. Ənənəyə bu dəfə də sadiq qalınıb - yağış dünən də yağmışdı, bu gün də startdan əvvəl leysan başlayıb.

F-1.az xatırladır ki, dünən Həmilton trasın müasir konfiqurasiyasında yeni rekorda imza atmışdı – 1:29.243. Sıralanma turunda stüardlar altı dəfə trasın hüdudlarını aşan sürücülərin nəticələrini ləğv etmişdilər. Son sessiyada ilk cəhdində Lyuisin də nəticəsi ləğv olunmuşdu, amma son cəhdində Lyuis poul qazanmışdı.

Həmiltonla birlikdə startda ilk cərgədə Niko Rosberq dayanıb – Mercedes komandasının tarixində 40-cı dəfə ilk cərgə komandanın sürücüləri tərəfindən tam zəbt edilib və 35-ci dəfə bunu Həmiltonla Rosberq ediblər. İkinci cərgədə Red Bull sürücüləri yer alıblar – Maks Ferstappen mövsümdə ilk dəfə Daniel Rikkardonu sıralanma turunda qabaqlayıb. Üçüncü cərgədə Finlandiyanın bayrağı dalğalanıb – təcrübəli Rəykkönen gənc həmyerlisi Bottası üstələyib.

Fettel həftəsonunun gedişində ikinci dəfə ötürmələr qutusunu dəyişdirdiyi üçün startda 5 yer itirməli olub. Eriksson isə dünən məşqlərdə ağır qəza keçirdiyi üçün sıralanma turunda iştirak etməmişdi və ehtiyat şassi üzərində yığılan yeni maşınla pit-leyndə start yerini tutub.

Barselonadan sonra ikinci dəfə Pirelli komandalara ən bərk üçlüyü təqdim edib: Hard – Medium – Soft. Bir həftə əvvəl Avstriyada Fettelin maşınında təkərin partlamasından sonra Pirelli hər bir tərkib üçün maksimum dövrələr sayını da komandalara göndərib – 15 dövrə Soft, 28 dövrə Medium və 26 dövrə Hard üçün. Amma əvvəldən aydın idi ki, komandalar bu məsləhətə əməl etməyəcəklər…

Startdan əvvəl qısamüddətli, amma güclü yağış yağıb, sürücülər Təhlükəsizlik Maşınının (SC) arxasında və ağır yağış təkərlərində start almalı olublar. Bir neçə döngədə gölməçələr əmələ gəldiyi üçün SC trası dərhal tərk etməyib. Yalnız 5-ci dövrədən sonra Bernd Maylander pit-leynə yönəlib və yarışa restart verilib. Həmilton liderliyini qoruyub, sürücülərin əksəriyyəti keçid təkərləri üçün boksa tələsib. Növbəti dövrədə daha bir qrup sürücü göy təkərlərdən yaşıl təkərlərə keçib – yalnız Həmilton, Rosberq, Ferstappen, Peres, Nasr və Eriksson pit-stopa getməyiblər.

7-ci dövrədə Verlyayn birinci döngədə çınqıllı zonaya düşüb və mübarizəni dayandırıb. Virtual Təhlükəsizlik Maşını (VSC) rejimi elan olunub, pit-stop etməyən 6 sürücü boksa tələsib. 9-cu dövrədə VSC rejimi ləğv olunub. 9-cü dövrənin sonunda ilk onluq: Həmilton – Rosberq – Ferstappen – Peres – Rikkardo – Rəykkönen – Sayns – Massa – Bottas – Hülkenberq.

10-cu dövrədə Hülkenberq Bottası üstələyib, dövrənin sonunda Bottas yerində fırlandığı üçün daha bir neçə mövqe itirməli olub. Erikssonun maşınında güc qurğusu sıradan çıxıb – Markus boksda uzun müddət dayandıqdan sonra trasa qayıdıb, amma 4 dövrədən sonra mübarizəni tam dayandırıb.

16-cı dövrədə Fettel peletonda birinci olaraq sliklərə – ağ təkərlərə (Medium) keçib. Bu an Ferstappen Rosberqi üstələyərək ikinciliyə yükəslib.

17-ci dövrədə sürücülərin böyük bir qrupu sliklərə keçib. Palmerin maşınında sağ arxa təkər yaxşı bərkidilmədiyi üçün stüardlar sürücüyə 10 saniyəlik Stop&Go cəriməsi veriblər.

18-ci dövrədə Həmilton, Rosberq, Rikkardo və Sayns da sliklərə keçiblər. Ferstappen keçid təkərlərlə bir dövrə liderlik etdikdən sonra digər sürücülər kimi Medium təkərlərinə keçib.

Fettel birinci döngədə trasdan çıxdığı üçün bir neçə mövqe itirib. 19-cu döngənin sonunda ilk onluq: Həmilton – Ferstappen – Rosberq – Peres – Rəykkönen – Sayns – Hülkenberq – Massa – Kvyat.

Qrojan 9-cu döngədə maşını saxlayıb və mübarizəni dayandırıb. 22-ci dövrədə Rikkardo Peresi üstələyib, Ferstappen isə trasdan çıxıdğı üçün Rosberq ona yaxınlaşıb və hücumlara başlayıb.

Birinci döngədə gölməçə qaldığı üçün sürücülər bu hissədə trasdan çox çıxıblar. 24-cü dövrədə Alonso çınqıllı zonaya səyahət etməli olub. 25-ci dövrədə Sayns eyni yerdə trasdan çıxıb. 26-cı dövrədə Haryanto trasdan çıxıb, amma trasa qayıda bilməyib və mübarizəni dayandırıb. 27-ci dövrədə isə əvvəlcə Həmilton, ardınca Ferstappen trasdan çıxıblar, mövqelərini qorusalar da, Rosberq fərqi yenə də azaldıb. 29-cu dövrədə Fettel Kvyatı keçərək ilk onluğa daxil olub. 29-cu dövrənin sonunda ilk onluq: Həmilton – Ferstappen – Rosberq – Rikkardo – Peres – Rəykkönen – Hülkenberq – Sayns – Massa – Fettel.

Rosberq bir neçə dövrə Ferstappenə hücum etsə də, Maks çox səliqəli müdafiə olunub, səhvə yol verməyib. Fettel isə Massanı trasdan sıxışdırıb çıxarmaqla braziliyalı sürücünü üstələyib – bir qədər sonra stüardlar almaniyalı sürücünü 5 saniyəlik cərimələyiblər. 39-cu dövrədə Rosberq Ferstappeni keçə bilib və dərhal ondan uzaqlaşıb. 39-cu dövrənin sonunda ilk onluq: Həmilton – Rosberq – Fertsappen – Rikkardo – Peres – Rəykkönen – Hülkenberq – Sayns – Fettel – Massa.

40-cı dövrədə Palmer boksda maşını saxlayıb və mübarizəni dayandırıb.

Rəykkönen Peresi üstələyərək beşinci yerə yüksəlib.

46-cı dövrədə Rosberqin maşınında ötürmələr qutusu 7-ci ötürmədə ilişib və mühəndisi bu problemi həll etməkdə ona radio ilə məsləhətlər verib. Yarışdan sonra stüardlar bu insidenti araşdırıblar və sürücünün yekun nəticəsinə 10 saniyə əlavə olunub.

Lyuis Həmilton isə ev trasında ardıcıl olaraq üçüncü dəfə qələbə qazanıb – britaniyalı sürücü mövsümdə 4-cü, karyerasında isə 47-ci qələbəsinə sevinib. Rosberq finiş xəttini ikinci keçsə də, cərimədən sonra Ferstappeni irəli buraxmalı olub.

Çempionatda isə vəziyyət gərginləşib – Niko cəmi bir xal Lyuisdən irəlidədir. İki həftədən sonra mübarizə Hunqarorinqdə davam edəcək…

Yer N Sürücü Komanda Zaman Pit
1 44 Lyuis Həmilton Mercedes AMG 1:34.55.831 2
2 33 Maks Ferstappen Red Bull + 0:08.250 2
3 6 Niko Rosberq (**) Mercedes AMG + 0:16.911 2
4 3 Daniel Rikkardo Red Bull + 0:26.211 2
5 7 Kimi Rəykkönen Ferrari + 1:09.743 2
6 11 Serxio Peres Force İndia + 1:16.941 2
7 27 Niko Hülkenberq Force İndia + 1:17.712 2
8 55 Karlos Sayns Toro Rosso + 1:25.858 2
9 5 Sebastyan Fettel (*) Ferrari + 1:31.654 2
10 26 Daniil Kvyat Toro Rosso + 1:32.600 2
11 19 Felipe Massa Williams + 1 dövrə 3
12 22 Censon Batton McLaren + 1 dövrə 2
13 14 Fernando Alonso McLaren + 1 dövrə 3
14 77 Valtteri Bottas Williams + 1 dövrə 2
15 12 Felipe Nasr Sauber + 1 dövrə 2
16 21 Esteban Qutyerres Haas + 1 dövrə 2
17 20 Kevin Maqnussen Renault + 3 dövrə 4

 

(*) – Sebastyan Fettelin yekun nəticəsinə Massa ilə insidentə görə 5 saniyə əlavə olunub
(**) – Niko Rosberqin yekun nəticəsinə radio danışıqlara görə 10 saniyə əlavə olunub.

Sürətli dövrə: Niko Rosberq (Mercedes AMG) – 1:35.548 (44-cü dövrə, 221.957 km/saat).

 

MÜBARİZƏNİ DAYANDIRANLAR:

Sürücü Komanda Dövrə Səbəb
Colion Palmer Renault 37 ötürmələr qutusu
Rio Haryanto Manor 24 trasdan çıxma
Roman Qrojan Haas 17 mexanika
Markus Eriksson Sauber 11 mexanika
Paskal Verlyayn Manor 6 trasdan çıxma

 

SÜRÜCÜLƏRİN ÇEMPİONATI:

Yer N Sürücü Ölkə Komanda Xal
1 6 Niko Rosberq Mercedes AMG F1 Team 168
2 44 Lyuis Həmilton Mercedes AMG F1 Team 167
3 7 Kimi Rəykkönen Scuderia Ferrari 106
4 3 Daniel Rikkardo Red Bull Racing 100
5 5 Sebastyan Fettel Scuderia Ferrari 98
6 33 Maks Ferstappen Red Bull Racing 90
7 77 Valtteri Bottas Williams Martini Racing 54
8 11 Serxio Peres Sahara Force İndia F1 Team 47
9 19 Felipe Massa Williams Martini Racing 38
10 8 Roman Qrojan Haas F1 Team 28
11 27 Niko Hülkenberq Sahara Force İndia F1 Team 26
12 55 Karlos Sayns Scuderia Toro Rosso 26
13 26 Daniil Kvyat Scuderia Toro Rosso 23
14 14 Fernando Alonso McLaren Honda Formula 1 Team 18
15 22 Censon Batton McLaren Honda Formula 1 Team 13
16 20 Kevin Maqnussen Renault Sport Formula 1 Team 6
17 94 Paskal Verlyayn Manor Racing MRT 1
18 47 Stoffel Vandorn McLaren Honda Formula 1 Team 1

 

MÜHƏNDİSLƏR KUBOKU:

Yer Komanda Motor Xal
1 Mercedes AMG F1 Team Mercedes 335
2 Scuderia Ferrari Ferrari 204
3 Red Bull Racing TAG Heuer 198
4 Williams Martini Racing Mercedes 92
5 Sahara Force İndia F1 Team Mercedes 73
6 Scuderia Toro Rosso Ferrari 41
7 McLaren Honda Formula 1 Team Honda 32
8 Haas F1 Team Ferrari 28
9 Renault Sport Formula 1 Team Renault 6
10 Manor Racing MRT Mercedes 1
, , , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*