Britaniya-2016: Sıralanma turu

Dünən sürücülər quru trasda işləmişdilər, bu gün səhər isə yağışdan sonra qurumaqda olan trasda. Sıralanma turuna qədər tras tam quruyub, amma güclü külək yenə də sürücülərə mane olub. Silverstounda poul elə də böyük əhəmiyyət kəsb etmir - son 10 ildə cəmi iki dəfə poulun sahibi yarışın finişində sevinən tərəf olub.

F-1.az xatırladır ki, Markus Eriksson bu gün səhər məşqlərində ağır qəzaya uğramışdı və yerli hospitala müayinə üçün göndərilmişdi, ona görə də isveçli sürücü sıralanma turuna qatıla bilməyib. Məşqlərin sonunda Sebastyan Fettelin maşınında ötürmələr qutusu sıradan çıxıb və komanda onu yenisi ilə əvəzləməli olub – dünən qoyulan yeni qutu dəyişdirildiyi üçün almaniyalı sürücü sabahkı yarışın startında 5 yer itirməli olacaq. Xatırladaq ki, bir həftə əvvəl Avstriyada da almaniyalı sürücü eyni problem üzündən eyni cəriməni almışdı.

Bu gün səhər FİA bir daha “sıfır dözümlülük” prinsipini xatırladıb – 9, 15 və 18-ci döngələrdə sürücülər trasın hüdudlürından çıxarlarsa, yəni dörd təkərin hamısı ağ xətti keçərsə, onda həmin sürətli dövrə ləğv olunacaq. Keçən il 12 belə sürətli dövrə ləğv olunmuşdu.

Pirelli Silverstouna ən bərk üçlüyünü gətirib – Hard, Medium və Soft. Lyuis Həmilton dünən ilk məşqlərdəcə Medium təkərlərlə keçənilki poulun nəticəsini yaxşılaşdırmışdı, Soft təkərlər daha sürətli olublar və sıralanma turunda əsas tərkib olublar.

Birinci sessiyaya sürücülərin hamısı sarı (Soft) təkərlərlə çıxıb. İlk cəhdində Battonun maşınında problemlər yaşanıb və sessiyanın sonuna qədər problemlər həll olunmayıb.

Protokollara Niko Rosberq başçılıq edib – 1:30.724, Batton, Palmer, Haryanto, Verlyayn və Nasr isə mübarizəni dayandırıblar.

İkinci sessiyada Həmilton elə ilk cəhdindən protokollara başçılıq edib – 1:29.243, Rosberq ona 0.7 saniyə uduzub, hər iki Mercedes sürücüsü bir daha boksdan çıxmayıb. Onlara ən yaxın isə 1.5 saniyə uduzmaqla Maks Fertsappen olub.

Rəykkönen ilk cəhdinin əvvəlində yerində fırlansa da, ikinci cəhdindən son sessiyaya keçə bilib. Mübarizə isə Peres, Massa, Qrojan, Qutyerres, Kvyat və Maqnussen üçün başa çatıb.

Son sessiyada Rosberq bir qədər sürətlənib – 1:29.606, Həmilton kiçik səhvə yol verdiyi ilk cəhdində daha sürətli olub – 1:29.339, amma onun bu cəhdi ləğv edilib, ona görə də poul uğrunda əsas mübarizə ikinci cəhdə saxlanılıb.

İkinci cəhdində Həmilton 9-cu döngəni daha səliqəli keçib və trasın yeni konfiqurasiyasının son rekordunu müəyyən edib – 1:29.287. Alonso, Hülkenberq və Ferstappenin son cəhdləri ləğv edilib.

Lyuis Həmilton isə mövsümdə 6-cı, karyerasında 55-ci poulunu qazanıb. Niko ona 0.3 saniyə uduzub və Mercedes sürücüləri mövsümdə beşinci dəfə ilk cərgədən yarışa start verəcəklər – komanda üçün isə ilk cərgədən tam start 40-cı olacaq.

İkinci cərgəni bütünlüklə Red Bull komandası tutacaq – Maks mövsümdə ilk dəfə Daniel Rikkardonu sıralanma turunda üstələyib. Üçüncü cərgəni Ferrari komandası zəbt etsə də, Fettelin cəriməsi üzündən tamamilə finlandiyalı sürücülərin ixtiyarında olacaq – Kimi daha gənc həmyerlisi Bottası üstələməyə çalışacaq.

Sabah bizi maraqlı start və yarış gözləyir!

Yer N Sürücü Komanda 1-ci sessiya 2-ci sessiya 3-cü sessiya
Yer Zaman Dövrə Yer Zaman Dövrə Zaman Dövrə
1 44 Lyuis Həmilton Mercedes AMG 2 1:30.739 5 1 1:29.243 3 1:29.287 6
2 6 Niko Rosberq Mercedes AMG 1 1:30.724 5 2 1:29.970 3 1:29.606 6
3 33 Maks Ferstappen Red Bull 3 1:31.305 3 3 1:30.697 3 1:30.313 6
4 3 Daniel Rikkardo Red Bull 6 1:31.684 3 5 1:31.319 3 1:30.618 6
5 7 Kimi Rəykkönen Ferrari 4 1:31.326 3 6 1:31.385 6 1:30.881 6
6 5 Sebastyan Fettel Ferrari 5 1:31.606 5 4 1:30.711 6 1:31.490 6
7 77 Valtteri Bottas Williams 7 1:31.913 3 7 1:31.478 3 1:31.557 6
8 55 Karlos Sayns Toro Rosso 8 1:32.115 3 8 1:31.708 6 1:31.989 6
9 27 Niko Hülkenberq Force İndia 14 1:32.349 4 10 1:31.770 8 1:32.172 6
10 14 Fernando Alonso McLaren 11 1:32.281 3 9 1:31.740 6 1:32.343 6
11 11 Serxio Peres Force İndia 13 1:32.336 4 11 1:31.875 8
12 19 Felipe Massa Williams 9 1:32.146 4 12 1:32.002 6
13 8 Roman Qrojan Haas 12 1:32.283 8 13 1:32.050 6
14 21 Esteban Qutyerres Haas 10 1:32.237 8 14 1:32.241 6
15 27 Daniil Kvyat Toro Rosso 15 1:32.553 6 15 1:32.306 6
16 20 Kevin Maqnussen Renault 16 1:32.729 9 16 1:37.060 3
17 22 Censon Batton McLaren 17 1:32.788 3
18 30 Colion Palmer Renault 18 1:32.905 9
19 88 Rio Haryanto Manor 19 1:33.098 9
20 94 Paskal Verlyayn Manor 20 1:33.151 9
21 12 Felipe Nasr Sauber 21 1:33.544 8
22 9 Markus Eriksson Sauber 22
, , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*