F-1.az xatırladır ki, mövsümün ilk yarısına yekun vuran həftəsonuna fransızlar yeni motorhomlarını gətirmişdilər və yenilik paddokda çox maraqla qarşılanmışdı.
Flavio Briatore: “Spada hamı maraqlanırdı, çünki yeni motorhom daxildən tamamilə fərqli görünür. Orada həqiqətən də Kurşeveldə olduğunuz hissi yaşayırsınız – hamı onu görmək istəyirdi.
Kristian mənə zəng edib motorhoma baxa biləcəyini soruşdu. Mən, əlbəttə ki, baxa biləcəyini dedim və biz orada 20-30 dəqiqə vaxt keçirdik. Biz qəhvə içdik və Kristian uzun illər ərzində ilk dəfə öz motorhomundan kənarda olduğunu söylədi.
Əvvəllər Ron Dennis istisna olmaqla, bütün rəhbərlər digər komandaların motorhomlarına gedirdilər. Ondan başqa hamının bir-biri ilə əla münasibətləri var idi. Yadımdadır, [keçmiş Ferrari prezidenti] Luka di Montezemolo ilə Maranelloda nahar etmişdik. O zaman komanda rəhbərləri arasında münasibətlər daha dostcasına idi.
İndi hər şey fərqlidir, hər kəs yalnız ən yaxşı maşını əldə etmək və qalib gəlmək haqqında düşünür. Əvvəllər daha insani idi, bilmirəm, daha çox hörmət var idi, indi isə bütün düşüncələr daha çox texnika və biznes haqqındadır. Bunun yaxşı və ya pis olduğunu bilmirəm, amma ozamankından qəti şəkildə fərqlidir.”