Brəd Binderdən möhtəşəm qələbə

Bu gün okeanın o tayında - Argentinada MotoGP dünya çempionatında mövsümün ikinci mərhələsi çərçivəsində sprint (qısa) yarış baş tutub.

F-1.az xəbər verir ki, ölkənin Santyaqo del Estero vilayətinin Termas de Río Hondo şəhərciyində yerləşən avtodromda tarixin 2-ci sprint yarışı maraqlı mübarizə şəraitində keçib.

Karyerasında ilk poulunu qazanan Aleks Markes ilk döngədə mövqeyini qorusa da, tezliklə onu Yamaha-dan Franko Morbidelli qabaqlayıb.

Startda ən böyük irəliləyişi isə Red Bull KTM komandasının sürücüsü Brəd Binder edib – cənubiafrikalı sürücü 15-ci yerdən start alsa da, ilk döngədən 6-cı yerdə çıxıb.

Start sonuncu yerdən yarışa başlayan Honda sürücüsü Xoan Mir üçün uğursuz alınıb – 2020-ci ilin çempionu yıxılaraq mübarizəni dayandırıb.

Binder isə irəliləməyə davam edib. KTM sürücüsü ilk dövrəni 3-cü yerdə başa vurub. Növbəti dövrədə Luka Marinini arxada qoyan Binder 3-cü dövrədə Morbidellini də keçərək liderliyi ələ alıb.

Luka Marini isə ilk döngədə komanda yoldaşı Marko Bezzekki ilə təmas yaşayıb – Luka yoluna davam etsə də, Marko 10-cu yerə qədər geriləyib. Bundan sonra Valentino Rossinin komandasının italiyalı sürücüsü ruhdan düşməyib və 9-cu dövrəyədək 4-cü yerə qədər irəliləyib.

Bundan sonra Marko əvvəlcə Morbidellini, daha sonra komanda yoldaşı Marinini keçərək finişə 2 dövrə qalmış 1 saniyə öndə olan Binderin arxasınca tələsib. Finişə bir dövrə qalmış sürücüləri 0.6 saniyə ayırıb – son dövrə hücum məsafəsinə yaxınlaşan Bezzekki liderə bir neçə hücum da edib, amma KTM sürücüsü trasda daha doğru mövqe seçərək finiş xəttini cəmi 0.072 saniyə rəqibindən əvvəl keçə bilib.

Podiumu isə Rossinin ögey qardaşı Luka Marini tamamlayıb – əfsanənin komandası üçün bu podium dublu çempionatda ən yaxşı nəticə olub.

Pouldan start alan Markes finişdə 5-ci olub. Keçən həftənin triumfatoru son dünya çempionu Peko Banyaya bu dəfə 6-cı yerlə kifayətlənib. Son xalı isə 9-cu yerdə Fabio Kuartararo qazanıb.

Sabah Bakı vaxtı ilə saat 21:00-da baş tutacaq əsas yarışla mərhələyə yekun vurulacaq…

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*